"Ay namərdlər, heç olmasa..." - Kənar qüvvələr klubu parçalayır

2 Avqust 2020 21:40 Azərbaycan Futbolu 1 719
"Ay namərdlər, heç olmasa..." - Kənar qüvvələr klubu parçalayır

Sportinfo.az xəbər verir ki, son günlər mətbuatda Qusar “Şahdağ”ı ilə bağlı müxtəlif məlumatlar yayılır.

Yazılanlara inansaq, klubda maliyyə yoxlamaları aparılıb, baş məşçi Kamran Əlibabayev və komandanın əksər üzvləri “Şahdağ”dan qovulub.

Deyilənlərə aydınlıq gətirmək üçün Kamran bəylə danışmağı lazım bildik.

- Sizin və kollektivin əksər üzvlərinin klubdan uzaqlaşdırılması düz söhbətdi?
- Mən bilmirəm, bu söz-söhbət hardan çıxıb? Yazıblar ki, klubda maliyyə yoxlaması aparılıb. Mənim və bəzi oyunçuların qovulması məsələsi həqiqəti əks etdirmir. Ən azı klub prezidenti, komandaya sponsorluq edən şirkətin rəsmiləri mənə bu haqda heç nə deməyiblər. Heç futbolçularla da görüşüm olmayıb. Maliyyə yoxlamasına gəlincə, bu haqda heç bir məlumatım yoxdu. Çünki mən baş məşqçiyəm, mühasib deyiləm ki, pul işinə qarışım. Lap belə təftiş olubsa da, bunun nə baş məşqçiyə, nə də futbolçulara aidiyyatı var. Bu məsələlərə cavabdehlik daşıyan şəxslər var.

- Sizcə, nəyə görə daim mətbuatda “Şahdağ”la bağlı bu cür xoşagəlməz xəbərlər yayılır?
- Bunun sadə cavabı var. Kimlərsə bilərəkdən “Şahdağ” haqda futbol ictimaiyyətində mənfi fikirlər formalaşdırmağa çalışır. Bunun da arxasında bəlli qüvvələr dayanıb. Həmin şəxslərin kimlər olduğunu bilirəm, ancaq hələ ki ad açıqlamaq istəmirəm. Həmin adamlar özlərini yığışdırmasalar, bəd əməllərini davam etdirsələr, onları mətbuatda bir-bir ifşa edəcəm. Hər bir sahədə öz işini bilən, həmin sahənin incəliklərindən xəbərdar olanlar çalışmalıdı. Mən bu gün gedib bənnaya deyə bilərəm ki, sən burda daşı belə yox, başqa cür qoymalısan. Adama qayıdıb deyər ki, sən bunu bacarırsansa, onda evi elə özün tikərdin, məni niyə bura çağırıb pul verirsən? Futbol da elə bir sahədi ki, kənardan baxanda hər şer çox sadə görünür, ancaq komanda formalaşdırmaq, klubu yüksək səviyyəyə daşımaq çox qəlizdi. Hər kiçik xırda çatışmazlıq sonda böyük bir problemə çevrilə bilər. 2000-ci ildə Qusarda futbol məhv olmaq üzrə idi. Mən “Şahdağ”a qayıdıb sinəmi qabağa verdim. Bu gün “Şahdağ” fəaliyyət göstərirsə, onun yaşamasında 80 faiz mənim əməyim var. Həmin vaxt qabağa düşüb, özümü ora-bura vurdum, çox qapıları döydüm, bir çox insanlara minnətçi düşdüm. Təki “Şahdağ” dağılmasın, Qusarda böyük futbol olsun. Həmin vaxt indi klubda söz sahibi olmaq istəyənlər harda idilər?

- Bəlkə sizə və kluba qarşı çıxanların adlarını indi açılqlayasız?
- Tələsməyin, yenə deyirəm, hər şeyin öz vaxtı var. Bir qədər də səbr edib həmin adamların hara kimi gedəcəklərini gözləyirəm. Görün bunlar necə insanlardı ki, yalandan rayonda, orda-burda şayiə yayırlar ki, guya AFFA Kamran Əlibabayevin “Şahdağ”da işləməsini istəmir, ona görə də klubu sıxırlar. Ay namərdlər, heç olmasa, yalan uyduranda da eləsini uydurun ki, inandırıcı olsun. AFFA məni niyə istəməsin ki? Hansı pis əməlimi görüb, kimə namərdlik etmişəm? Əksinə, bu gün də o binaya girəndə hamı məni xoş qarşılayır, üzləşdiyimiz problemi yerindəcə həll etməkdə yardımçı olur. AFFA-da oturanlar yaxşı bilirlər ki, Əlibabayev tək “Şahdağ” üçün yox, Azərbaycan futboluna nə qədər yardım edib, neçə-neçə futbolçunun milliyə gəlməsində yardımçı olub və bu işdən heç vaxt maddi xeyir güdməyib. Azərbaycan bizim vətənimizdi, hər kəs də çalışdığı sahədə bacardığı qədər vətənə xidmət etməlidi. Bəzən rayonda eşidirəm ki, həmin bədniyyətli adamlar “Kamran bu illər ərzində kimi yetişdirib, hansı futbolçunu Azərbaycan futboluna bəxş edib” deyir, məni Qusarda məşqçi kimi gözdən saılmağa çalışırlar. Ancaq bilən bilir ki, son 10-15 ildə Qusar futbolundan çıxan əksər tanınmış oyunçuların püxtələşməsində mənim də əməyim olub. 2000-ci illərin əvvələrində 18 qusarlı futbolçu premyer-liqa və divizion klublarının şərəfini qoruyurdu. Sonradan mən başqa kluba üz tutandan sonra o uşaqların davamı gəlmədi. Niyə? Ona görə ki, Kamrandan sonra orda bu məsuliyyətin altına girən tapılmadı. Qusar futbol bölgəsidi, Etibar Pirverdiyev də daim kluba yaxşı baxıb, bütün xərcləri qarşılayıb. Ancaq kimlərsə daim onun etibarından sui-istifadə edib. 2006-cı ildən bəri Qusarda futbol ildən-ilə enişə gedib. Bu da klub rəhbərliyində naşı idarəçilərin olmasından irəli gəlib. İndi komandanı dirçəltmək, daha yüksək diviziona yüksəlmək yönündə iş görmək əvəzinə, klub ətrafında xoşagəlməz proseslərə start veriblər. Bu da kənardan çox iyrənc görünür.

- Diviziondan söz düşmüşkən, “Şahdağ” birinci dəstədə çıxış etmək istəyir, bu yöndə rəhbərlik hansısa iş görür?
- Bu haqda heç bir məlumatım yoxdu. Sualınızı klubun yeni prezidenti Hafiz Seyidova ünvanlayın. Hafiz müəllim yeni prezident təyin olunanda hamı - futbolçular, məşqçilər, klubda çalışan digər insanlar sevindi. İlk vaxtlar o çox işlər gördü, lazımi addımlar atdı. Ancaq sonradan dəyişdi ki, bunun da səbəbi kənar qüvvələrin ona təsir etməsi oldu. Qıraqdan müdaxilələr çoxdu, futbolu bilən də, bilməyən də məsləhət verməyə başladı. Mollası çox olan ölü ortada qaldığı kimi, bu gün “Şahdağ” da eyni durumdadı. Hamı Nostradamus olub, prezidentə deyirlər ki, bu uşaqlardan futbolçu olmaz. O da onların sözlərinə inanır. Niyə olmur, bəyəm bu günə kimi komandada oynayan bu uşaqlar deyildi? Futbolçularla münasibəti korlamaq heç də yaxşı deyil. Məhz kənardan “ağıllı məsləhətçilər”in sözlərinə görə futbolçuların ikiaylıq maaşı verilmirdi. Komanda üzvləri narazılıqlarını bildirəndən, problemi mediaya çıxarandan sonra pullar verildi. Heç kimin haqqını yemək olmaz (Futbol+).

Xəbər Lenti