“Neftçi” tərəfdarı “qızıl xırdaladı” - Türkiyəli rəhbərlə bağlı nələri etiraf etdi?

20:40 Azarkeş 126
“Neftçi” tərəfdarı “qızıl xırdaladı” - Türkiyəli rəhbərlə bağlı nələri etiraf etdi?

Yuri Vernidubun “Neftçi”yə baş məşqçi təyin olunmasından sonra komandanın çıxışındakı yüksəliş göz önündədir.

Komandanın qələbələri sıralayıb avrokubok zonasında yer alması azarkeşləri ümidləndirib.

Sosisal şəbəkələrdə “ağ-qaralar”ın şəninə edilən paylaşımlar sıraya düzülüb.

“Neftçi”nin stajlı azarkeşlərindən olan Elnur Şərifli “feysbuk” hesabında “Neftçi”ylə bağlı yazdığı mətn maraqla qarşılanıb.

Polşada yaşayan fanat “Neftçi”nin son aylardakı dövrünü təhlil edərkən ortaya maraqlı faktlar çıxıb:

“Sezonun əvvəlindən etibarən bu heyətin pis olmadığını düşünürdüm. Heyət liqa üçün kifayət qədər güclüdür, lakin Samir Abasov məsələsində israr edirdim. Çünki artıq 10 ildən çox idi ki, Sadıq Sadıqovun dövründəki “Neftçi”dən sonra gözümüz sabit və davamlı uğur qazanan “Neftçi”ni axtarırdı.

Son illərdə tez-tez baş verən 3-4 məşqçi dəyişikliyi artıq bizim üçün çox yorucu idi. “Kim olur-olsun, bir məşqçi qalıb işləsin, zamanla sistemi formalaşdırsın” deyirdim.

Şükür ki, Vernidub gəldi və bu, tezisimi tez zamanda dəyişdirdi. Heç bir bəhanə gətirmədən, hazır heyəti qəbul edib dərhal disiplini və oyun üslubunu formalaşdırdı. Breno, Metyu və Abubakar mövsümün əvvəlində transfer olunsaydı və qapıda da əvvəldən Balayev dayansaydı, bu heyət çempionluq uğrunda mübarizə aparmağa tam qadir idi.

AFFA-nın hakimlərinin qərarları nəticəsində Samir və Vernidubun aşağı pillələrdəki rəqiblərə qarşı xalları oğurlanmasaydı, bu gün avrokuboklara vəsiqəni təmin etmişdik.

Amma biz heç vaxt uğur azarkeşi olmamışıq. Sadıq Sadıqovun dövründən bu yana sabit “Neftçi”ni gözləyirdik və görünür ki, yavaş-yavaş həmin komandaya qovuşuruq.

Bəziləri icraçı direktor kimi gələn Cenk Sümeri tənqid etsə də, mənim ona böyük inamım və hörmətim var. Bizdə onsuz da heç vaxt kənardan gəlmələri "kendini beğenmişlik" edərək hörmətlə qarşılamayıblar.

Klubun başına gəldiyi gündən etibarən “Neftçi” daha peşəkar idarəçiliyə doğru istiqamət alıb. Onun dövründə xoşuma gələn gözləmlədiyim faktorları sıralamalı olsam:

* Stadionun oturacaqları ağ-qara rənglərə dəyişdirildi
* Tribunalar azarkeşlər üçün daha uyğun dizayn edildi
* Marketinq bölməsi şahlandı
* Fanshop peşəkar işlər görməyə başladı
* Abubakar kimi ulduz gətirildi
* Biletlərin klub tərəfindən birbaşa satışı təşkil olunmağa başladı
* Mobil tətbiq aktiv və səmərəli işləyir
* Sosial media platformaları daha peşəkar idarə olunmağa başladı və s.air (Yadıma düşməyənlər də var).

Klubun bazasında bir neçə dəfə olmuşam və oradakı infrastruktur da məndə çox müsbət təəssürat yaradıb. Bunlar qeyd edilməli müsbət məqamlardır.

Lakin bu şərait və büdcə fonunda çempionluğun və ya ən azı medalçı sıralardan birinin əldə olunmaması mənfi hal kimi qiymətləndirilməlidir. Çünki bu imkan və şəraitlə “Neftçi”yə yalnız çempionluq yaraşır.

Ümid edirəm ki, “Beşiktaş” kimi böyük futbol camiəsindən gələn Cenk Sümerə daha da geniş səlahiyyət veriləcək və o, uzun illər klubun başında qalacaq. Çünki hələ də klubda yararsız transferlərlə büdcəyə və klubun imicinə zərər vuran şəxslər mövcuddur. Tam səlahiyyət verildiyi halda, gələn mövsümdən etibarən bu sahədə ciddi islahatlar aparacağına və komandaya faydası olmayan şəxsləri uzaqlaşdıracağına inanıram.

Bu mövsüm avrokuboklara vəsiqə qazanmağı çox arzulayırıq. Buna nail olsaq, ötən il təsis etdiyimiz "Platform’37"nin ilk rəsmi səfər tribunasının açılışını Avropa oyununda edəcəyik.

Bakıdakı qardaşlarımız “Forza Neftçi” liqa ərzində 30 oyunda, isti-soyuq demədən, komandamızı sonadək dəstəkləyərək üst sıralara daşımaq üçün var gücləri ilə dəstək olurlar.

Onlar avrokubok səfərlərində flaqmanımızı bizə əmanət edərkən, biz də əlimizdən gəldiyi qədər Avropa səfərlərində onların yoxluğunu hiss etdirməməyə çalışacağıq.

“Neftçi” hələ də ayaqdadırsa, bu, onların timsalında hələ də stadiona gələn əsl “Neftçi”lilərin dəstəyinin nəticəsidir.

Komandamızı avrokubok matçlarında görməyi çox istəyirik. Amma alınmasa belə, bu, bizim üçün faciə olmayacaq. Çünki biz heç vaxt “qələbə azarkeşi” olmamışıq. “Neftçi” azarkeşləri olaraq hər zaman komandamızın yanında olmuşuq və olacağıq.

Komandamıza qarşıdakı 3 oyunda ürəkdən uğurlar arzulayırıq!”

HƏBİB / SPOTYİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti