Biz hələ “Sabah”ın Çempionlar Liqasındakı ev oyunlarını keçirəcəyi stadionla bağlı seçimini edəndə bunun yanlış olduğunu demişdik.
Söhbət Bakı Olimpiya Stadionuna qayıdışdan gedir.
Əksəriyyət arqument gətirirdi ki, rəqib “Barselona”dırsa, bu addımı atmağa məcbursan.
Məsələ tələb və təşviq məsələsidir.
Düşünürdülər ki, “Barselona”ya görə stadiona gələn azarkeşlər “Sabah”ın digər oyunlarında da tribunaları dolduracaqlar.
Bəzən haqq verməmək də olmur.
Hətta klub kifayət qədər ağıllı gediş edərək paket bilet satışını həyata keçirdi.
Məqsəd bəlli idi: azarkeşlərin “Barselona”ya görə paket bilet alınmasını təmin etmək və bununla da digər oyunlara marağı artırmaq.
Ancaq bu gediş də özünü doğrultmadı.
34 manatdan keçib paket bilet alanlar belə “Slaviya” ilə oyunda tribunaların yolunu tutmadılar. Çünki onların əsas prioriteti “Barselona” idi.
Hətta biletin qiyməti 100 manat olsaydı belə, “Barselona”nı canlı izləmək üçün bu məbləği ödəməyə hazır olan 70 min adam tapılardı.
Amma bu, heç də həmin azarkeşlərin “Sabah”ın digər oyunlarına da gələcəkləri anlamına gəlmirdi.
Elə buna görə də ilk gündən Çempionlar Liqasının bir “Barselona”ya qurban verilməsinin əleyhinə idim.
Burada itirən, ən böyük zərbəni alanlar isə futbolçular oldu.
Əməyi və zəhməti hesabına Avropanın ən nüfuzlu klub turnirinə vəsiqə qazanan oyunçular boş tribunalar qarşısında oynamağa məhkum edilməməli idilər.
Simiç, Mikels, Puxaç və digərləri bu tarixi qələbəni dolu tribunalar qarşısında oynamağa layiq idilər.
Oyun günü hər şey arzuolunan kimi idi.
İlk ev oyunu, tarixi qələbə.
Kölgə salan tək şey tribunaların boşluğu oldu.
Çempionlar Liqası kimi nüfuzlu yarış və boş arena. Çox heyf...
“Başına gələr, başmaqçı olar”,– deyiblər.
Əslində, buna bənzər hadisə vaxtilə “Qarabağ”ın da başına gəlmişdi.
Ağdam təmsilçisi Avropa Liqasında çıxış etdiyi dövrdə oxşar vəziyyətlə üzləşmişdi.
Görünür, “Sabah” həmin təcrübədən lazımi nəticəni çıxara bilmədi.
Əks halda, BOS barədə düşünməkdənsə Tofiq Bəhramov adına Respublika stadionunu azarkeşlərlə doldurmağı prioritet seçərdi.
XANOĞLAN/ SPORTİNFO.AZ
