Azərbaycanın futzal tarixində bir ilk yaşanacaq.
Bu yeniliyi AFFA etməyə hazırlaşır.
Saytımız həmin yeniliklə bağlı mühüm məlumata yiyələnib. Redaksiyamıza daxil olan informasiyaya görə, federasiya futzal üzrə ölkə çempionatının iştirakçılarına yardım paketi ayırmağı qərarlaşdırıb.
Bura Yüksək Liqa ilə yanaşı, Birinci Liqa da daxildir. Hər iki liqada mübarizə aparacaq klublar AFFA-dan hər ay yardım paketi ayıracaq.
Qurumun bu addımı günün tələbidir və təqdirəlayiq haldır. Ümumiyyətlə, AFFA vəziyyəti düzgün qiymətləndirib.
Son illərin statistikası göstərir ki, əksər komandalar maliyyə çətinliyi üzündən fəaliyyətini dayandırıb.
O da məlumunuz olsun ki, Yüksək Liqanın yeni mövsümündə iştirakçı sayının artırılması nəzərdə tutulub.
Federasiyanın nəzdində formalaşdırılan futzal departamenti hazırda bu məsələ ilə hərtərəfli məşğuldur.
Ötən mövsüm çempionatda mübarizə aparmış, həmçinin belə bir istəyi olan müxtəlif klubların rəhbərlikləri ilə ayrı-ayrılıqda görüşlər keçirilib, fikir mübadiləsi aparılıb.
Onların problemləri dinlənilib, təklifləri öyrənilib. Toplanan rəylər müzakirə etmək üçün AFFA başbilənlərinin masasının üzərinə qoyulacaq.
Keçən sezonda liqaya 6 komanda qatılıb.
“Şuşa“ maliyyə çətinliyinə görə çıxışını yarımçıq dayandırıbsa, “Araz-Naxçıvan” 20-ci çempionluğunu qeyd edib. “Neftçi” gümüş, “Baku Fire” bürünc medallara yiyələnib.
SPORTİNFO.AZ
