Azərbaycan millisi Millətlər Liqasında növbəti oyununu keçirəcək.
İlk iki qarşılaşmada Litva və Lixtenşteynlə heç-heçə edən yığmamız bu dəfə 8-ci kilometr stadionunda Litvanı qəbul edəcək.
Qarşılaşma öncəsi Azərbaycan millisinin rəsmi “instagram” səhifəsində, eləcə də “iTicket” portalının sosial şəbəkə hesablarında matçla bağlı anons paylaşılıb. Paylaşımlarda azarkeşlər qarşıdakı oyuna dəvət olunub.
Lakin paylaşımı görən futbolsevərlərin reaksiyası sərt və qəti olub.
Belə ki, şərh bölməsində bir sıra azarkeşlər milli komandanın oyununa gəlməyəcəklərini bildiriblər. Bəzi futbolsevərlər isə yığmanın son nəticələrindən narazılıqlarını ifadə edərək stadiona getməməyin daha məqsədəuyğun olduğunu yazıblar.
Beləliklə, milli komandanın Litva ilə qarşılaşmasına saatlar qaldığı vaxtda sosial şəbəkələrdə azarkeşlərin etirazı diqqət çəkib:
“Başqa ölkənin forması ilə çıxın, qoy bilməsinlər Azərbaycan millisi olduğunuzu”.
“Lixtenşteyni uda bilməyən komanda Litvaya nə edəcək ki?”
“Televiziya vasitəsi ilə baxanda infarkt oluruq. Siz də deyirsiniz stadiona gəlin. Gəlib stadionda ölüm?”
“Pulsuz bilet+taksi pulu – yalnız bu halda stadiona gələrəm”.
“Stadiona girişi pulsuz edin, bəlkə bu halda 3-5 nəfər gələr”.
“Bunlara görə 1 manat vermək qəbahətdir, o ki qalmışdı 5-10 manat”.
“Növbəti oyun, yoxsa növbəti biabırçılıq?”
“Millinin futbolçuları meydanda bambılılıq etsinlər, biz də bu soyuqda, yağışda stadionda oturaq, hə? Buralarda olun!”
Oktyabrın 4-də 8-ci kilometr stadionunda keçiriləcək Azərbaycan – Litva qarşılaşması saat 17:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ
