“Sabah” Çempionlar Liqasındakı ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirməyə qərar verəndə bildirmişdik ki, bu, heç də effektiv seçim deyil.
Çünki “Qarabağ”ın təcrübəsi göstərirdi ki, azarkeşlər BOS-a getməyə o qədər də maraq göstərmirlər.
Sadəcə, bir məqam gələcəyə ümidlə baxmağa əsas verirdi.
Bu da rəqiblərdən birinin “Barselona” olması idi. Gözlənilirdi ki, məhz “Barselona”ya görə futbol həvəskarları stadionun yolunu tutacaq.
Elə “Sabah” klubu da bu məqamdan maksimum istifadə etməyə çalışdı.
Nəticədə biletlər satışa paket halında çıxarıldı. Yəni bir bilet alıb dörd oyunu izləmək tək seçim oldu.
Təbii ki, bunun arxasında yatan əsas səbəb məhz “Barselona”nı izləmək istəyən azarkeşləri bütün oyunlara bilet almağa yönəltmək idi. Seçimi də bunun üzərində qurmuşdular.
Amma arxada qalan müddət göstərdi ki, hətta bu addım da effektiv olmadı.
Görürük ki, bilet satışına başlanmasından 20 gün vaxt keçsə də, klub hələ də biletlərin tükənməsi ilə bağlı hər hansı açıqlama yaymayıb.
XANOĞLAN / SPORTİNFO.AZ
