“Sabah”la oyundan sonra əksəriyyətin ağlından eyni sual keçirdi: görməyə alışdığımız “Qarabağ” hara getdi?
Əslində, bu sual “Neftçi” ilə qarşılaşmadan sonra da yaranmışdı. Lakin “Sabah”la matç bir daha göstərdi ki, son illərdə izləməyə öyrəşdiyimiz “Qarabağ” hazırda əvvəlki səviyyəsindən uzaqdır.
Səbəblərdən biri bəllidir - heyət dəyişikliyi. Yayda komandanın, demək olar ki, yarısı dəyişdi. Mateuş Koxalski, Kevin Medina, Toral Bayramov, Leandro Andrade, Emmanuel Addai, Kamilo Duran və Abdullah Zubir kimi futbolçular komandanı tərk etdi, onların yerinə yeni oyunçular cəlb olundu.
Təbii ki, bu qədər ciddi dəyişiklikdən sonra komandanın yenidən öz oyununu tapması, əvvəlki günlərini xatırlatması müəyyən vaxt tələb edir. Yeni futbolçuların bir-birinə uyğunlaşması, baş məşqçinin oyun fəlsəfəsini mənimsəməsi və meydanda vahid mexanizmə çevrilməsi bir-iki ayda baş vermir.
Yenilənmənin yaratdığı ən ciddi fəsad Qurban Qurbanovun cinah oyunçularından əvvəlki effekti ala bilməməsidir.
Diqqət yetirək: müdafiənin sağ cinahında görməyə alışdığımız Mateus Silva son vaxtlar mərkəz müdafiəçisi kimi çıxış edir. Yeni transfer Cebrail Makreçkis isə hələlik gözlənilən effekti vermir. Halbuki “Qarabağ”ın müdafiəsinin sağ cinahında illər ərzində Maksim Medvedev, Marko Veşoviç, son dövrlərdə Mateus Silva kimi etibarlı futbolçular çıxış edib. Bu mövqedə komandanın işlək mexanizmi var idi. İndi isə həmin sabitlik hiss olunmur.
Problem yalnız müdafiə ilə də məhdudlaşmır. Yarımmüdafiənin sağ cinahında da əvvəlki fəallıq gözə dəymir. Vaxtilə Kadi Borges, Dani Kintana, sonrakı illərdə isə Leandro Andrade bu mövqedə komandanın hücumlarına ciddi töhfə verirdi. Sağ cinah həm sürəti, həm də rəqib müdafiəçilərə yaratdığı təhlükə ilə seçilirdi.
Sol cinah barədə də eyni sözləri demək olar. Elvin Cəfərquliyev – Abdullah Zubir tandemi ötən mövsüm Çempionlar Liqasında rəqiblərə ciddi çətinliklər yaradırdı. Bu ikili “Qarabağ”ın hücumlarının əsas silahlarından birinə çevrilmişdi. Rəqib müdafiəçilər üçün onların qarşısını almaq heç də asan deyildi.
Lakin Elvinin zədələnməsi və Zubirin komandadan ayrılması ilə sol cinahın əvvəlki siması dəyişdi. Hazırda müdafiənin solunda Bruno Lanqa çıxış edir, yarımmüdafiənin həmin cinahında isə tez-tez rotasiyalara əl atılır. Nəticədə əvvəlki mövsümlərdə gördüyümüz qarşılıqlı anlaşma və hücum müxtəlifliyi hələlik ortaya çıxmır.
Halbuki “Sabah”la qarşılaşmanın gedişatı göstərdi ki, “Qarabağ”ın cinahları fəallaşanda komandanın oyunu da dəyişir. Bruno Lanqa Renaldo Sefasla birlikdə rəqibin sağ cinahı üçün ciddi problem yarada bilirdi. Mateus Silva da sağ cinahda faydalı olmağa çalışırdı.
Digər tərəfdən, Aleksey Kaşuk da gözlənilən effekti vermir. Ukraynalının mübariziliyi və top uğrunda mübarizədə effektivliyi arzuolunan səviyyədə deyil. Belə olan halda cinahlarda “axsayır”, hücumların rəngarəngliyi azalır.
Yarımmüdafiənin mərkəzindəki vəziyyət də ciddi suallar doğurur.
Marko Yankoviç nə qədər çalışsa da, sanki meydanın mərkəzində tək qalıb. Monteneqrolu futbolçu oyunu qurmağa, hücumları istiqamətləndirməyə və komandanı irəli aparmağa çalışır
. Ancaq onunla eyni düşüncədə olan, meydanda fikirlərini tamamlayan futbolçuların çatışmazlığı hiss edilir. Bəzən Yankoviçin nə etmək istədiyini komanda yoldaşları da vaxtında anlamır.
Bu isə özlüyündə ciddi problemdir. Çünki “Qarabağ”ın oyununda mərkəz yarımmüdafiəçilərinin qarşılıqlı anlaşması hücumların inkişafı baxımından hər zaman xüsusi əhəmiyyət daşıyıb.
Kadi əvvəlki formasından uzaqdır, olduqca ağır görünür. Joni Montiel də gözlənilən səviyyədə çıxış etmir. Samuel Lobato və Dieqo Rosa isə komandaya yayda qoşulduqlarından uyğunlaşma mərhələsindədirlər.
Belə vəziyyətdə Yankoviçin üzərinə daha çox yük düşür və onun meydandakı fəallığı orta sahənin problemlərini aradan qaldırmağa kifayət etmir.
Odur ki, “Qarabağ”ın bugünkü mənzərəsini iki xüsusi səbəblə izah etmək olar. Yayda baş verən ciddi heyət dəyişikliyindən sonra cinahların əvvəlki effektivliyini itirməsi və yarımmüdafiənin mərkəzindəki susqunluq.
Qurban Qurbanov mövcud problemləri nə dərəcədə tez həll edə biləcək? Əsas sual budur.
HƏBİB / SPORTİNFO.AZ
