"Xəzər Lənkəran"ın fəaliyyətini dayandırmasından 10 il ötür.
Amma Lənkəranda futbol sevgisi heç azalmır.
Hətta Region Liqasında belə yerli publika tribunalara cəm olur.
Özü də Premyer Liqanın əksər matçlarında görmədiyimiz sayda.
Ötən həftə növbəti dəfə bənzər olay yaşanıb.
Region Liqasında çıxış edən "Lənkəran" baxımsızlıqdan yararsız hala düşən Lənkər şəhər stadionunda Salyanın "Xıdırlı" komandasını qonaq edib.
Çempionatın aşağı statusuna, oyunun bir o qədər də əhəmiyyətli olmamasına rəğmən yenə "Fırtınalar meydanı"nda futbol bayramı yaşanıb.
Tribunalara cəm olan yüzlərlə azarkeş sevimli komandasına 90 dəqiqə dəstək olub.
Təəssüf ki, Premyer Liqanın qapıları uzun müddətdir bu cür azarkeşlərin üzünə bağlıdır.
Yüksək dəstədə rəqabət yaratmaq, intriqa qurmaq istəyiriksə mütləq Lənkəran təmsilçisi geri qayıtmalıdır.
Qısası, futbolumuzun bu fanat ordusuna çox ehtiyacı var.
Elə onlara da yaraşanı yüksək dəstədə, avrokuboklarda sevimli komandalarına dəstək olmaq olardı.
XANOĞLAN İMANOV

