Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Sabah” Premyer Liqada da xoş təsir bağışlayır.
“Tələbələr”in avrokuboklarda çıxış etməsinə görə daxili yarışlarda büdrəyəcəyinə ümid edənlər hələ ki, gümanında yanılmaqdadır.
“Sabah”ın çempionluq uğrunda əsas rəqibləri – “Neftçi”ylə “Qarabağ”a uduzmaması və 9 turdan sonra Premyer Liqada məğlubiyyət acısı yaşamayan iki komandadan biri olması növbəti “qızıl”ın qazanılmaq ehtimalını artırır.
Maraqlıdır, “Qarabağ” çempionluq titulunu “Sabah”ın əlindən ala biləcək? Bunun üçün nəyə ümid etmək lazımdır?
“Köhlən atlar”ın portuqaliyalı yarımmüdafiəçisi Samuel Lobato Sportinfo.az-a açıqlamasında bu barədə danışıb:
“Yayda ciddi dəyişikliklərə məruz qalıb, yenidən qurulmuş komandayıq. 2-3 ay əvvəl “Qarabağ”ın az qala yarısı dəyişib. Bir-birimizə uyğunlaşmaq, oyun planında irəliləyişə nail olmaq üçün bizə vaxt lazımdır.
Hər ötən həftə, hər keçən oyundan sonra bir-birimizi daha yaxından tanıyırıq, uyğunlaşma baxımından inkişafa nail oluruq. Zamanla daha yaxşı olacağıq.
Çempionluq mübarizəsində varıq, çempion olmaq istəyirik və bunun üçün sona qədər mübarizə aparacağıq. Zaman keçdikcə futbol ictimaiyyətinin daha güclü “Qarabağ” görəcəyinə şübhə etmirəm”.
HƏBİB
