Turun mərkəzi oyunu Tovuzda baş tutdu. "Turan" və "Neftçi"nin birgə meydana buraxdığı 19 əcnəbi əl-ələ verib iki qapıya 1 qol vura bilmədi.
Yerli statusunda olan, amma Rusiya futbolunun yetirməsi olan digər üç nəfər - Elvin Bədəlov, Ayxan Hüseynov və Rəhim Sadıxov da bu yolda yaralı barmağa dərman olmağı bacarmadı.
Bilirəm, meydanda əcnəbilər var deyə qollar yağış kimi yağmalı deyil. Oyun qolsuz bərabərliklə də bitə bilər.
Amma belə oyunla yox da. Texniki səhvi saymaqla bitməz. Bəzən balaca bir zonada, qısa zaman kəsiyində yol verilən top itkisinin sayı yadda qalmırdı . O qədər çox olurdu yəni.
Abubakarın əlinə dəyən topa görə baş hakim Fərid Hacıyev "Turan Tovuz"un qapısına penalti təyin etdi. Yaxşı ki, VAR-ın müdaxiləsi biabırçılığın önünə keçdi.
Baxın, göstərilən oyun da referinin qərarı qədər iyrənc idi.
Turun mərkəzi oyununda sürət budursa, vay digər oyunların halına.
Ümumiyyətlə, bu mövsüm arxada qalan 12 turda 72 oyun keçirilib. İkisi də dünən baş tutdu. 74 qarşılaşmadan vur-tut ikisində - "Zirə" - "Neftçi" və "Sumqayıt" - "Qarabağ" oyununda nisbətən futbol adına nəsə görmüşük.
Oyunlara gələn azsaylı azarkeşlərə yazıqdır, hətta hörmətsizlikdir. Bu mənzərə əlimizdə-ovcumuzda olan tamaşaçını da qaçıracaq.
Elə bu gün Tovuz şəhər stadionundakı boş yerlərin sayı gələcək üçün ciddi siqnal sayıla bilər.
Keçək əsas suala - keyfiyyət artmayacaqsa, sürət yerində qalacaqsa bu qədər əcnəbi nə işə vaqonla ölkəyə daşınıb/daşınır/daşınacaq?
XANOĞLAN İMANOV

