Tarixdə ilk dəfə Avropa klubları Azərbaycanın bu bölgəsinə gələ bilər

10 Aprel 19:40 Azarkeş 7 209
Tarixdə ilk dəfə Avropa klubları Azərbaycanın bu bölgəsinə gələ bilər

“Turan Tovuz” 9 illik fasilədən sonra ötən mövsüm Yüksək Liqaya vəsiqə qazandı.

Qısa müddətdə bir araya gələn, böyük çətinliklərlə üz-üzə qalan bölgə klubu Ayxan Abbasovun rəhbərliyi altında ilk ilindəcə uğurlu olmağı bacardı.

Liqada qalmaq vəzifəsinin öhdəsindən erkən gələn qərb təmsilçisi mövsümü 6-cı pillədə tamamladı.

Bu il isə qarşımızda daha yaxşı “Turan Tovuz” var.

Baxımlı oyunu ilə seçilən Abbasovun kollektivi sona 7 tur qalmış 6-cı pillədə qərarlaşıb.

Və avrokuboklara getmək, hətta medalçılar sırasında yer almaq üçün əla fürsəti var.

Aktivində 39 xalı olan komanda ikinci pillədə yer alan “Zirə”dən cəmi 6 xal geri qalır.

Tovuzu təmsilçisi “Turan” sonuncu dəfə 1994-cü ildə Azərbaycan çempionu olub. Arxada qalan 30 ildə Tovuz təmsilçisi ya autsayderlər sırasında olub, ya da aşağı liqada. Medalçılar sırasında belə olmağı bacarmayıb.

Elə Avropa arenasındakı çıxışı da 1994-cü ilə təsadüf edir.

UEFA Kubokunda Türkiyə nəhəngi “Fənərbaxça” ilə duellərdə “Turan” məğlub olub – 0:5, 0:2.

Amma İstanbul nəhəngi ilə cavab oyunu Tovuzda yox, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutub. Yəni, tovuzlu futbolsevərlər heç vaxt doğma rayonda əcnəbi klubu qonaq etməyiblər.

30 ildən sonra 2014-cü ildə yaradılan “Turan Tovuz” medal qazana, avrokuboklara gedə, Tovuz da bir Avropa klubunu qonaq edə bilər.

Belə məqamda yerli publikanın dəstəyi çox şeyin taleyini həll edə bilər.

Nəzərə alaq ki, ötən mövsümlə müqayisədə bu sezon “Turan Tovuz” doğma publika önündə çox yaxşı çıxış edir.

Amma nədənsə tovuzlu azarkeşlər hələ də Tovuz şəhər stadionunun tribunalarını tam doldura bilmir.

Demək olar bütün oyunlarda 6500 nəfərlik arenanın yarısı boş qalır.

Məsələn, “Sabah”la son Premyer Liqa görüşünə 3000 azarkeş gəlmişdi. Bu, gözəyarı hesablanaraq protokolda yazılan rəqəmdir. Halbuki ekran qarşısından baxanda da aşkar görünürdü ki, tribunalarda o qədər azarkeş yoxdur.

Premyer Liqada qalmaq üçün mübarizə aparan “Turan”a 2000-3000 azarkeş də məqbul sayıla bilər.

Amma 30 ildən sonra medal qazanmaq, avrokuboklara getmək fürsəti olan, bunun üçün mübarizə aparan Tovuz təmsilçisi dolu tribunalar qarşısında oynamalıdır. Bunun üçün mütləq "Qarabağ" Tovuza səfər etməli deyil. Nəzərə alaq ki, əsas rəqiblərinə heyətinə, büdcəsinə görə uduzan "Turan Tovuz"un əsas silahı onun azarkeşləridir. Gərək onlar da bunu unutmasın.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti