Milliləşdirdik, güvəndik, bəs nə qazandıq? - Boşa gedən 9 il

28 Oktyabr 23:40 I Divizion 139
Milliləşdirdik, güvəndik, bəs nə qazandıq? - Boşa gedən 9 il

Mehdi Cənnətov 9 il Azərbaycan Premyer Liqasında çıxış edib.

Bu müddətdə 219 görüşdə meydana çıxıb.

Dağıstan əsilli qapıçı milliləşdirildikdən sonra “Zirə”, “Sumqayıt” kimi normal büdcəyə malik klublarda oynayıb, hətta Azərbaycan millisinin formasını da geyinib.

“Səbail” ötən yay bu futbolçunu heyətinə qatanda ona bəslənən ümidlər böyük idi.

Təcrübəsini Birinci Liqada komanda yoldaşları ilə bölüşəcəyi, iddialı kollektivin uğurlarına töhfə verəcəyi gözlənilirdi.

Ancaq arxada qalan turlar tamam başqa mənzərə ortaya qoyub. Cənnətov daha çox buraxdığı səhvlərlə yadda qalır.

Nəzərə alaq ki, Mehdi Birinci Liqanın ortababına və ya autsayderinə yox, ən imkanlı, çempionluğa iddialı klublarından birinə keçib.

Belə komandada onun təcrübəsi və səviyyəsi daha qabarıq görünməli, qapıçı bəzən təkbaşına matçın taleyini həll etməli, komandasına güvən verməlidir.

Məsələn, Rikardo Fernandes bu mövsüm Premyer Liqada ən azı 3 görüşdə kritik seyvləri ilə "Şamaxı"ya xallar qazandırıb.

Cənnətovla bağlı gördüyümüz mənzərə gözləntilərlə üst-üstə düşmür.

Bu, əslində Cənnətovun real səviyyəsini göstərir.

Biz Premyer Liqada çıxış etdiyi vaxtlarda da onun sanballı qapıçı olmamasını dəfələrlə dilə gətirmişik.

Azərbaycanda axtarsaq Mehdi Cənnətovdan daha perspektivli qapıçılar tapmaq mümkündür.

Təəssüf ki, illər ərzində maliyyə və imkanlarımızı yerli futbolçuların inkişafına yönəltmək əvəzinə, Mehdi kimi milliləşdirilmiş oyunçulara xərcləmişik.

İndi də dizimizə döyürük ki, niyə normal yerli qapıçımız yoxdur?

Üstəlik, Mehdi tək deyil. Premyer Liqamızda onun kimi futbolçular əvvəllər də az olmayıb, indi də var.

Belə davam etsə, sabah da olacaq.

Çünki problem təkcə bir qapıçının səhvlərindən ibarət deyil.

Problem seçimlərimizdə, legioner və milliləşdirilmiş futbolçu siyasətimizdə, eləcə də yerli oyunçulara münasibətimizdədir.

Mehdi Cənnətov nümunəsi dərs olmalıdır.

Əgər illərlə Premyer Liqada oynamış, milli komandanın formasını geyinmiş bir qapıçı Birinci Liqada belə gözləntiləri doğrultmursa, deməli, biz futbolçu seçimində meyarlarımızı ciddi şəkildə nəzərdən keçirməliyik.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"