“Qarabağ”ın sabiq legioneri Emmanuel Addai Belçika çempionatında debüt edib.
Qanalı yarımmüdafiəçi iyul ayında “Leuven”lə müqavilə bağlasa da, zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalmışdı.
Nəhayət, Belçika çempionatında debütü 9-cu turda baş tutub.
Sportinfo.az xəbər verir ki, Addai “Lommel”lə qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb. O, fasilədən sonra meydana daxil olub və 67-ci dəqiqədə, hesab 1:1 olarkən, komandasını önə keçirən qolu vurub.
Lakin “Leuven” qələbə hesabını qoruya bilməyib. Komanda əsas vaxta əlavə olunmuş dəqiqələrdə qapısından qol buraxıb və görüş 2:2 hesabı ilə başa çatıb.
Maraqlıdır ki, debüt matçında qol vuran Addai qarşılaşmanın ən yaxşı futbolçusu adına layiq görülüb.
Ağdamlıların keçmiş “11 nömrə”si Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 88 oyunda 12 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ
