Görün, "Qarabağ" kimlərdə futbol sevgisi yaradır!

19 Mart 19:20 Azarkeş 1 176
Görün, "Qarabağ" kimlərdə futbol sevgisi yaradır!

Bu gün hər kəs "Qarabağ"ın Avropadakı zəfər yolundan danışır.

"Qarabağ"ın parlaq mübarizəsi sayəsində futbolla maraqlanmayan çox sayda azərbaycanlı da idmanın şahına maraq göstərməyə başlayıb.

Məsələn, yaxın tanışım Qasım bəy kimi.

İşimdən dolayı tez-tez sosial şəbəkə hesablarımdan ölkə futbolu ilə bağlı məlumatlar paylaşıram.

Təbii ki, bu, dostluq siyahımda olan hər kəs üçün heç də maraqlı deyil.

Bu baxımdan, Qasım kimi futbolla maraqlanmayan yoldaşlardan zaman-zaman aldığım narazılıq məktublarına da alışmışam.

Lakin ondan aldığım sonuncu mesaja çox təəccübləndim. Həm də sevindim.

Belə ki, Avropa Liqasının 1/8 final mərhələsinin "Bayer 04"lə cavab matçının final fitindən sonra təmsilçimizlə bağlı ürək sözlərimi öz hesabımdan paylaşdım. Qasım bəydən gələn məktubda bu sözlər yazılmışdı:

"Mən dünən başa düşdüm ki, futbol izləməməyimin səbəbi normal komandamızın olmamağı və bütün sahələrdə olduğu kimi, futbol sahəsində də özümə xarici favorit seçmək istəməməyim olub. Fərqinə belə varmadan artıq bir müddətdir ki, futbola baxıram, özü də megabaytlarıma qıyaraq (gülür)

Sağ ol, "Qarabağ".

Deməli, "futbolumuza baxan yoxdu" - deyib şikayətlənmək yox, belə insanları futbolumuza cəlb etmək üçün ortaya məhsul qoymaq lazımdır.

"Qarabağ" kimi...

Şübhə etmirəm ki, ətrafımızda Qasım kimi dostlarımızın, tanışlarımızın, həmyerlilərimizin sayı çoxdur.

Dünən klublarımız haqqında bölüşdüyümüz xəbərlərə etinasız yanaşan insanlar bu gün həmin xəbərlərin ana xəttində yer alan klub üçün meqabaytından keçir.

Əmin olun ki, o adamlar sabah da arenalarda oyuna baxmaq üçün pulundan keçəcək.

Yetər ki, Azərbaycan futbolundan kənar gəzən azərbaycanlıları razı salacaq məhsulu onlara təqdim edə bilək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti