Azərbaycan klubları üçün cəhənnəmə çevrilən DOĞMA MƏKANLAR

5 Oktyabr 2023 21:00 Azarkeş 574
Azərbaycan klubları üçün cəhənnəmə çevrilən DOĞMA MƏKANLAR

Futbolda meydan sahibinin ən böyük üstünlüyü onun azarkeşləridir.

Əgər varsa.

İstənilən futbolçu səmimi etiraf edər ki, qonaq meydanında oynamaq heç də asan məsələ deyil.

Amma bəzən bunun əksi də olur.

Məsələn, uzun fasilədən sonra ötən ildən yüksək liqada çıxış etmək hüququ qazanan "Kəpəz", "Turan" komandaları kimi.

Birvaxtlar Gəncədən, Tovuzdan xal gətirmək müşkül məsələ idi.

Ən böyük maneə də adıçəkilən klubların çılğın tərəfdarları idi.

Yenə həmin tərəfdar sayı gözə dəyir.

Amma nədənsə doğma meydan qonaqlar üçün yox, məhz bu klubların öz futbolçuları üçün əsl cəhənnəmə çevrilib.

Hər halda, aşağıda qeyd edəcəyimiz faktlar belə düşünməyə ciddi əsas verir

"Kəpəz" bu mövsüm yalnız birinci turda evdə qalib gəlibsə, son 4 ev matçında qələbə nədir bilmir. Əvəzində səfərdə "Qarabağ" (1:1) və "Sabah"dan (2:2) vacib xallar almaq mümkün olub.

Son oyundan sonra baş məşqçi Azər Məmmədov və yetirmələri də açıq-aşkar giley-güzar etdilər ki, azarkeşlərin yerli-yersiz iradları, replikaları onlara mənfi təsir edir.

"Turan"ın durumu daha betər gündədir. Xoş olmayan sindrom ötən mövsümdən davam edir. Biri arxada qalan sezon olmaqla 4 görüşdü evdə qələbə qazanmaq mümkün olmur.

Təsəvvür edin ki, Tovuz təmsilçisi arxada qalan 8 turda qazandığı 11 xaldan 10-nun rəqib meydanlarında qazanıb.

Görünür, yeri gəldi-gəlmədi yerli publikanın futbolçu və məşqçi heyətinə təzyiq etməsi mənfi nətiəcələrə yol açıb.

Müsbət təsiri sıfıra bərabərdir.

Düzdür, Gəncə ilə müqayisədə Tovuzda bir qədər yumşalma var. Amma ötən il başverənlər də yaddaşımızdan çıxmayıb. Yəqin ki, futbolçuların da.

Statistika onu deyir ki, adıçəkilən klublar azacıq sərbəstlik mühiti hiss edəndə özlərini daha inamlı hiss edirlər.

Əslində səfər matçlarında da bu klubların yetəri qədər fanatı olur.

Lakin həmin fanatlar nəticədən asılı olmayaraq 90 dəqiqə futbolçulara dəstək nümayiş etdirirlər.

Evdə isə belə mənzərə demək olar ki, yaşanmır.

Görünür, bəzi azarkeşlərən yanaşması, düşüncəsi dəyişməyincə bölgə klubları da doğma məkanda cəhənnəm əzabı çəkməyə davam edəcəklər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI