“Real” hücumçusu Kilian Mbappenin qalmaqala səbəb olan açıqlamasına görə Çin xalqından rəsmi şəkildə üzr istəyib.
Fransalı futbolçu Mao Zedonq (Çin Xalq Respublikasının qurucusu) haqqında zarafat etdikdən sonra qalmaqalın mərkəzinə düşüb.
Onun sözləri sosial şəbəkədə narazılığa səbəb olub, istifadəçilər Mbappeni ölkənin tarixinə hörmətsizlikdə ittiham ediblər.
Sportinfo.az xəbər verir ki, “Real”ın rəsmi saytında yayımlanan bəyanatda klubun Çin xalqına, ölkənin tarixinə, mədəniyyətinə və vətəndaşlarına dərin hörmət bəslədiyi vurğulanıb:
“Kilian Mbappenin son açıqlamalarının səbəb ola biləcəyi narahatlığa görə “Real” adından Çin xalqından üzr istəyirik.
Klubumuz Çinə, onun tarixinə, mədəniyyətinə və vətəndaşlarına, eləcə də “Real”a sevgi və heyranlıq bəsləyən milyonlarla çinli azarkeşə dərin hörmətlə yanaşır.
Klub Mbappenin də açıq şəkildə üzr istəməsinə qoşulur. Futbolçu sözlərinə görə təəssüfləndiyini bildirib və Çin xalqına hörmətini təsdiqləyib.
“Real” hörmət, birgəyaşayış və mədəniyyətlərarası qarşılıqlı anlaşma dəyərlərinə sadiqliyini bir daha vurğulayır.
Həmçinin Çin və onun vətəndaşları ilə klub arasında mövcud olan dostluq və bağlılıq əlaqələrini daha da gücləndirmək niyyətindədir”.
Mbappe zarafat zamanı Mao Zedonqu “Çin diktatoru” adlandırıb. Onun bu ifadəsi Çində narazılıqla qarşılanıb.
