
"Neftçi" Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab matçına böyük ümidlərlə hazırlaşır.
"Jelezniçar"la səfər görüşündən qənaətbəxş heç-heçə (2:2) ilə qayıdan bakılıların mərhələ keçmək şansı yüksəkdir.
Azarkeşlərin də qarşılaşmaya marağı böyükdür.
Artıq indidən demək olar ki, matç günü arenada böyük anşlaq olacaq.
Belə ki, biletlərin satış çıxmasından qısa müddət keçməsinə baxmayaraq, nə az-nə çox 6 mini satılıb.
Oyun gününə hələ 2 sutka qaldığını nəzərə alsaq, əminliklə iddia etmək olar ki, Mutunun yetirmələri dolu tribunalar önündə çıxış edəcək.
Bu, həm də rumıniyalı mütəxəssisin yerli publika önündə ilk sınağı kimi tarixə düşəcək.
Maraq üçün bildirək ki, görüşün keçiriləcəyi 8-ci km stadionun azarkeş tutumu 10260 nəfərlikdir.
Avqustun 3-də 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Jelezniçar” oyunu saat 21:00-da başlayacaq.
XANOĞLAN / SPORTİNFO.AZ