COP29

Bölgədə "Turan", Bakıda "Sabah" hegemonluğu - ŞOK HAL!

6 İyun 2023 17:00 Azarkeş 1 092
Bölgədə "Turan", Bakıda "Sabah" hegemonluğu - ŞOK HAL!

Azərbaycan Premyer Liqasında daha bir mövsüm geridə qaldı.

2022/23 sezonu "Qarabağ"ın çempion olması, "Şamaxı"nın isə sonuncu pilləni tutaraq aşağı liqaya yuvarlanması ilə yadda qaldı. Əgər AFFA rəsmiləri vədlərinə sadiq qalarsa.

Amma bu dəfə sizə nə çempiondan danışmaq fikrimiz var, nə də sonuncu pillənin sahibindən. Heç AFFA-nın nə qərar verəcəyin də müzakirə etməyəcəyik.

Diqqəti yönəldirik futbolun bəzəyi olan azarkeşlərə.

Maraqlıdır, bəs bu mövsüm onlar necə performans sərgiləyiblər?

Təbii ki, hər bir klubun azarkeşləri əlindən gələn qədər dəstəyini sevimli komandasından əsirgəməyib. İstidə-soyuqda sevimli futbolçularını yalnız buraxmayan hər kəsə alqış düşür. Lakin bizim qiymətləndirməmiz say üzərindən olacaq. Burada isə heç də hər kəsə alqış düşmür.

Ən yüksək performans tovuzlu fanatlara məxsusdur. Onların sayəsində mövsüm boyu doğma divarlar arasında ən çox dəstək görən klub "Turan" olub. 18 ev oyununa 63300 tərəfdar cəm olub. Orta hesabla hər oyuna 3500-dən bir qədər çox azarkeş deməkdir.

İkinci pillədə mövsümün parlaq çıxışına sahib "Sabah" qərarlaşır. Digər paytaxt təmsilçilərini aşkar üstələyən Masazır klubunun ev oyunlarında 41650 nəfər tribunalarda yer alıb. Orta hesabla hər oyunda 2313 nəfər deməkdir. Görünür, Murad Musayevin yetirmələri baxımlı futbolla qısa müddətdə böyük azarkeş diqqətini qazanmağı bacarıb. Hər halda Bakıda "Neftçi", "Qarabağ" kimi təcrübəli klublar və "Zirə", "Səbail" kimi digər paytaxt təmsilçiləri olduğu halda "Sabah"ın onları qabaqlaması ciddi uğur hesab oluna bilər. Futbol şəhəri hesab olunan Sumqayıtda "Sumqayıt" belə "Sabah" qədər azarkeş marağı görməyib.

Üçüncü pillə isə "Neftçi"yə məxsusdur. Regekampfın yetirmələri mövsüm ərzində 35350 "Neftçi"liyə maraqlı olub. Hələ onların arasında yer alan qonaq fanatları çıxsaq say kəskin azalacaq. Ölkənin ən köklü klubu bu mənzərənin girdabında batmamalıdır. Buna "Neftçi" rəhbərliyinin yarıtmaz siyasətinin daha bir acı nəticəsi də deyə bilərik.

İlk dördlüyü "Şamaxı" qapayır. "Şirlər"i ev görüşlərində 23740 nəfər dəstəkləyib. Sonuncu pillədə gedən kollektiv üçün kifayət qədər yaxşı göstərici sayıla bilər.

Nəzərə alaq ki, Şamaxı təmsilçisi bu göstəricidə hətta çempion "Qarabağ"ı da qabaqlayır. Ağdamlıların dərdi isə nə yerə sığır, nə də göyə. Bir dəstə arvad lazımdı, dəsmal götürüb eninə-boyuna ağlasın. Təsəvvür edin Avropa fatehimizi 18 ev oyununda cəmi 22543 tərəfdar tək buraxmayıb. Düzdü, təsəvvür etmək belə ağırdı. Ondan da ağır olanı isə çox acınacaqlı göstəricinin reallıq olmasıdır. Ardıcıl 9 ildi Avropada tarix yazan "köhlən atlar"a münasibət belə olmamalıdır. Başqa hansı uğurları qazanılmalıdır ki, daxili oyunlarda da azarkeşlər "Qarabağ"ın oyununa maraq göstərsin. Bölgə klublarını başa düşdük, ancaq ən azından Bakı təmsilçilərinə belə ciddi fərqlə uduzmağın tək adı var - fiasko. Görünür, klubda da azarkeşlərlə iş düzgün qurulmur. Əks halda mənzərə bu qədər pis olmazdı.

Sonrakı sıralarda isə uyğun olaraq "Sumqayıt" (21376), "Kəpəz" (18276), "Səbail"(13420), "Qəbələ"(13159) və "Zirə" (8550) qərarlaşıb. İki paytaxt təmsilçisinin azarkeş sarıdan korluq çəkməsi anlaşılandı. "Kəpəz"in ikinci altılıqda yer alması da səbəbsiz deyil. Qərb təmsilçisi mövsüm ərzində rəqiblərini Gəncədən çox Bakı və Qəbələdə qəbul etdi. Uğursuz mövsüm keçirən "Sumqayıt"dan fanatların küsməsindən normal heç nə ola bilməzdi.

Amma "Qəbələ" haqqında eyni sözləri deməyə adamın dili gəlmir. Əvvəla komanda bölgə klubudur. İkincisi isə kollektiv Premyer Liqada 4-cü pilləni tutmaq və Ölkə kubokuna sahib olmaqla uğurlu mövsüm keçirib. Ən azından futbolçuların əməyinə yerli azarkeşlərin qiyməti belə olmamlıydı. "Qırmızı qaralar"ın azarkeş sayında "Səbail"ə belə uduzması bağışlanmaz nöqsandır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq