Bu axşam ölkə kubokunun final qarşılaşması keçiriləcək.
“Bakcell Arena”da baş tutacaq həlledici oyunda “Neftçi”ylə “Qəbələ” üz-üzə gələcək.
Bakılıların paytaxtda, üstəlik, doğma meydanda çıxış edəcəyini nəzərə alsaq, azarkeş sarıdan korluq çəkməyəcəyi məlumdur. Fanatlar hər nə qədər komandadan üz döndərsə də, stadionda azı 5 min “Neftçi”linin olacağı dəqiqdir.
“Qəbələ” də dəstəklə bağlı əziyyət çəkməyəcək. Belə ki, günorta saatlarında bölgədən təxminən 250-300 nəfərlik dəstə Bakıya tərəf yön alacaq. Müxtəlif avtobuslarla gələn futbolsevərlər “Red Black Army”nin üzvləridir. Daha 100-150 nəfər isə qrupa Bakıda qoşulacaq.
Qəbələdən “Bakcell Arena”ya şəxsi minik vasitələri ilə də gələnlər olacaq.
Oyunun bazar gününə və axşam saatına təsadüf etməsi Bakıda işləyən, eləcə də, təhsil alan qəbələliləri sevindirib. Hər biri matçın başlama saatını səbrsizliklə gözləyir.
Axşamkı qarşılaşmada stadiona 2000-2500 civarında “Qəbələ” fanatının təşrif buyuracağını deyə bilərik.
İyunun 3-də keçiriləcək “Neftçi” – “Qəbələ” görüşü saat 20:00-da başlayacaq.
HƏBİB / SPORTINFO.AZ