“Əmək pensiyalarının orta aylıq məbləğinin 2025-ci ildə 540,3 manat təşkil edəcəyi gözlənilir, 2026-cı ildə isə 590,17 manat olacağı proqnozlaşdırılır”.
Bunu Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Milli Məclisin plenar iclasında “Dövlət sosial müdafiə fondunun və İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı bildirib.
“Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 576,02 manatdan 53,03 manat artaraq 629,05 manata yüksəlməsi proqnozlaşdırılır”, - komitə sədri qeyd edib.
O əlavə edib ki, 2026-cı ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 203,6 milyon manat vəsait nəzərdə tutulub: “Bu da cari ilin təsdiqlənmiş proqnozuna nisbətən 2,6%, yaxud 5,2 milyon manat çoxdur. Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə AHİK vasitəsilə maliyyələşdiriləcək xərclər 25 milyon manat nəzərdə tutulub”.
Komitə sədrinin sözlərinə görə, 2026-cı ildə İSF hesabına 8 min nəfərin özünüməşğulluq proqramına qoşulması nəzərdə tutulur: “Bununla da 2017-ci ildən 2026-cı il daxil olmaqla özünüməşğulluq proqramı ilə əhatə olunacaq şəxslərin sayı 110 min nəfərdən çox olacaq. İSF-nin 2026-cı il büdcə xərclərindən 26 milyon manat, yaxud 9,8%-i peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin maliyyələşməsinə yönəldiləcəkdir. Bu vəsait 17500 nəfər işsiz və iş axtaran şəxsin peşə hazırlığına cəlb olunmasına imkan verəcək”.

