"Uşaqlar ağlayır ki, komandanı dağıtmayın" - İmişli futbolunun mövcud durumu - FOTOLAR

17 Oktyabr 2021 20:00 Araşdırma 1 877
"Uşaqlar ağlayır ki, komandanı dağıtmayın" - İmişli futbolunun mövcud durumu - FOTOLAR

2004-cü ildə Azərbaycan futboluna böyük pulların axın etdiyi dövrdə bu "səhnə"yə qayıdan daha bir rayon İmişli oldu.

"MKT-Araz" adı ilə İmişlini təmsil edən bu komanda çempionatdakı rəqabətə əlavə rəng qatmağı bacardı.

"MKT-Araz"ın ev oyunları olan həftə rayonda əsl futbol ab-havası yaşanırdı.

Komandada Saşa Yunisoğlu, Ruhid Usubov, Murad Ağakişiyev, Zeynal Zeynalov kimi yerlilər, Artyom Bezrodnı, Fabio Luis Ramin, Zoran Boldavaliyev kimi əcnəbi futbolçular çıxış edirdi.

Belə isimlərin olması, rayondakı uşaqlarda da idmanın bu növünə böyük sevgi və maraq yaradırdı.

Bir sözlə, bəlkə də gələcəyin istedadları olacaq uşaqları stadionlara gətirməyə səbəb olurdu. Komanda qısa müddətdə öz nəticələri və uğurları ilə azarkeşlərin sevimlisinə çevrilməyi bacarmışdı.

Yarandığı müddətdən az bir vaxt sonra komanda ölkə kubokunda finala yüksəldi. Bundan başqa İmişli təmsilçisi ölkəmizi Avrokuboklarda da təmsil edib.

Həm də iki dəfə. Bu çıxışların biri UEFA Kubokuna, digəri Uefa İntertoto Kubokuna təsadüf edir. Polşanın "Qrotslin" komandası ilə matçlar (0:0, 0:1) azarkeşlərin yaddaşında hələ uzun müddət xatırlanacaq.

İmişlidəki stadionun tam hazır olmaması səbəbindən Polşa təmsilçisi ilə ev matçı Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmişdi. Amma qısa müddətə komandanın arena problemi də həll edildi.

Belə ki, 2006-cı ilin martın 23-də ölkə prezidenti İlham Əliyevin iştirakı ilə İmişli şəhərində "MKT-Araz” klubunun yeni stadionunun istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilmiş və müasir Avropa standartlarına tam cavab verən 8500 yerlik stadion komandanın istifadəsinə verilmişdi.

Qısa müddətdə qazanılan uğurlar, möhtəşəm arenanın açılışı yerli azarkeşləri gələcəyə daha böyük inamla baxmağa sövq edirdi. Amma...

2007-ci ilin isti yay günləri heç kimin gözləmədiyi hadisə baş verdi. Polşada "Qrotslin" komandası ilə avrokubok oyunundan ölkəmizə qayıdan kollektiv üzvləri bir həftə son başlayacaq ölkə çempionatını gözləməyə başladılar. Elə qara xəbər də bu məqamda gəldi.

Çempionatda iştirak üçün müraciət də edən "MKT Araz" rəhbərliyi starta bir həftə qalmış "dağılmaq" qərarı qəbul etdi. Bütün futbol ictimaiyyəti şokda idi. O zamanlar klubun baş məşqçisi olan İqor Nakoneçninin başverənlərə reaksiya hələ da yaddaşımdan silinməyib: "Bu mənim üçün şokdur. Sadəcə, ayrı söz tapa bilmirəm".

Tək İqor yox, bütün İmişli camaatı, futbol ictimaiyyəti, komanda üzvləri şok qərara inanmırdı, inanmaq istəmirdi. Amma acı da olsa, bu həqiqət idi ki, bu qərarla daha bir bölgəmizin üzünə böyük futbolun qapıları bağlanmış oldu.

Düzdü, "MKT-Araz" fəaliyyətini dayandırdıqdan bir müddət sonra yaşıl meydanlara qayıdaraq, I divizionda çıxış etsə də, sonra yenidən dağıldı.

2013-cü isə İmişlidə yeni klub - "Mil-Muğan" yarandı. Amma onun da ömrü uzun çəkmədi. Bu gün bölgəni heç Region Liqasında da təmsil edən komanda yoxdur.

Son durumla maraqlanmaq üçün İmişlinin üzdə olan simalarından biri Ruhid Usubovla əlaqə saxladıq.

Birvaxtlar "MKT Araz", "İnter" kimi komandalarda çıxış edən, milli komandamızın da şərəfini qorumuş veteran yarımmüdafiəçi bunları dedi: "MKT Araz" olanda regionun digər bölgələri olan Beyləqan, Kürdəmir və Ağcabədidən belə oyunlara baxmaq üçün İmişliyə gələnlər vardı. Futbola sevgi, məhəbbət vardı. Hər kəs bilet alıb, oyuna baxırdı. Amma sonradan nə oldusa komanda dağıldı. Pul çatmadı, yoxsa vaxtından əvvəl büdcəni dağıtdılar deyə bilmərəm.

Sonradan yaradılan "Mil Muğan" yaxşı komanda kimi formalaşmışdı. Yenə ayrılan pullar düzgün istifadə olunmadı. Necə oldusa digər klublar birinci divizionda qaldı, amma İmişli komandası yox. Bunu qərar verənlər yaxşı bilər. Mən dəfələrlə demişəm ki, sistem düzgün qurulmalıdır. Əgər federasiya bura pul ayırırsa, bilməlidir ki, necə istifadə olunur".

Uzun müddətdir İmişli böyük futbola həsrətdir. Görəsən, bəs uşaq futbolu ilə bağlı durum hazırda necədir? Hazırda məşqçiliklə məşğul olan gənc mütəxəssis bu sahə ilə bağlı da urəkağrısı ilə danışıb:

"Bu baxımdan da İmişlidə vəziyyət çox acınacaqlıdır. Mənim U-17 komandam vardı. Böyük əziyyət çəkmişdim. Amma soruşan olmadı ki, niyə dağıldı? Həmim uşaqları U-14-dən U-17 komandasına kimi mən gətirmişdim. O uşaqların aqibəti necə oldu? İndi U-17 liqası da yoxdur. Əlaqə olmalıdır ki, futbolçu itməsin. Bizdə peşəkarlıq səviyyəsi yox kimidi. Uşaqlar soruşur ki, müəllim, bizim gələcəyimiz necə olacaq? 17 yaşında hamısı futbolu atır. Biri dönərçi, digəri çayxanada işləyir. Elə eləmək lazımdır ki, məşqçinin, futbolçunun əziyyəti itməsin. Amma tam əksini görürük.

Heç bir maraq, motivasiya yoxdur. Öz gözünüzlə vəziyyəti görsəniz dəhşətə gələrsiniz. Məşqlərimizi İmişli Olimpiya Kompleksinin stadionunda edirik. 10-13 yaşlı uşaqlara məşqlər keçirəm. AFFA-nın təşkil etdiyi çempionatlarda iştirak edirik. Amma federasiyadan heç bir maliyyə ayrılmır. Yol pulumuzu belə verilmir. Ondan-bundan pul tapırıq. Uşaqlar gəlib deyir ki, müəllim, sabah oyuna gedə biləcəyik? Ağlayır ki, komandanı dağıtmayın. Adamın ürəyi parçalanır. Elxan Məmmədov hər yerə getdi, amma İmşliyə gəlmədi. Dəstək olmayacaqdısa, deyərdilər komandanın adını dəyişdirərdim. Yol pulun vermək nə çətindi axı? Biz də dəstək istəyirik. Özümə görə yox, uşaqlara görə istəyirəm. Əziyyətlərinə, gələcəklərinə heyifdir".

Xanoğlan İmanov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə hazırlanıb.

Əyalətdə futbolumuz və sağlam cəmiyyət naminə fəaliyyət göstərən akademiya

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı