Hərbçilərin maaşları artırıldı - narazılıq aradan qalxdımı?

4 Mart 2021 10:30 Araşdırma 1 453
Hərbçilərin maaşları artırıldı - narazılıq aradan qalxdımı?

Son iki ayda Azərbaycan cəmiyyətini ciddi şəkildə narahat edən bir problem müsbət həllini tapdı:

Qarabağ bölgəsində, Ermənistanla sərhəddə yerləşən hərbi hissələrdə xidmət keçən hərbçilərin əmək haqqında aparılan azalma aradan qaldırıldı. Müdafiə Nazirliyinin qərarı ilə bu hərbçilərin maaşı 2 qat hesablanacaq.

Qarabağ bölgəsinin təminat infrastrukturu hələ formalaşdırılmayan hərbi hissələrdə xidmət keçən hərbçilərin maaşına isə 50 faiz əlavə tətbiq olunacaq. Bu əlavələri hərbçilər yanvar-fevral ayları üçün də alacaqlar.

Müdafiə Nazirliyinin qərarı iki aydan çox müddətdə çətin şəraitdə, daim həyati təhlükə olan ərazilərdə xidmət keçən hərbçilərimizə dəyən maddi zərərin aradan qaldırılması baxımından mühüm əhəmiyyətə malikdir.

Lakin 44 günlük Vətən Müharibəsi dövründə düşmənə qarşı igidliklə döyüşən, böyük qəhrəmanlıqlar göstərən, torpaqlarımızın azadlığı uğrunda canından keçməyə hazır olan hərbçilərimizin narazılığına səbəb olan addımın kimlər tərəfindən, hansı məqsədlə atıldığı cəmiyyəti hələ də narahat etməkdədir.

44 günlük zəfər tariximiz dərsliklərdə əks olunacaq: Alimlərimiz danışır

Ölkə Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki bütün texnoloji təminata, müasir silahlara baxmayaraq, qələbəni bilavasitə əsgər və zabitlərimizin hesabına əldə etmişik: “Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Bu tarixi missiyanı siz icra etmisiniz - Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib. Əlbəttə ki, bizim güclü ordumuz var, texniki təchizat da yüksək səviyyədədir. Bütün dünya gördü ki, biz hansı texniki imkanlardan istifadə edirik. Onu da deyə bilərəm ki, bu gün bizim əldə etdiyimiz qələbə və apardığımız hərbi əməliyyatlar həm texniki imkanlar baxımından, eyni zamanda, operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.

Ali Baş Komandanın belə yüksək dəyər verdiyi Ordunun ən ağır şəraitdə xidmət keçən hərbçilərinin maaşlarını ikiqat azaltmaq kimə və kimlərə lazım idi? Niyə qalib ordunun qalib əsgər və zabitlərini maddi problemlərlə üz-üzə qoyaraq, dövlətə qarşı narazılığa sövq etdilər?

Real Partiyasının aparat rəhbəri, iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, məsələ bir neçə ay ərzində ictimaiyyət arasında, eyni zamanda sosial şəbəkələrdə müzakirə olunub: “Bu müzakirələr son nəticədə məsələnin müsbət həllinə gətirib çıxardı. Doğrudan da bu halda sual yaranır ki, əgər ikiqat əmək haqqı bərpa olunacaqdısa, niyə belə narazılıq yaradılırdı? Nəyə görə hərbçilərin narazılıqlarını dilə gətirməsinə şərait yaratdılar? Düşünürəm ki, burada iki məsələ var: texniki və idarəetmə. Texniki məsələ ondan ibarətdir ki, 2020-ci ilin dövlət büdcəsi qəbul edilərkən ordunun xərcləri müəyyənləşdirilən zaman hesablamalar köhnə cəbhə xətti prinsipi ilə aparılmışdı. Qələbə ilə başa çatan Vətən Müharibəsinə görə müddətdən artıq xidmət edən zabit və əsgərlərin sayı da artdı. Yəqin ki, texniki olaraq bu məsələni əvvəlcədən planlaşdırmayıblar. Nəticədə də 2021-ci il üçün büdcə hazırlanarkən məsələ nəzərə alınmayıb”.

Natiq Cəfərli:

Ekspertin fikrincə, məsələdə idarəetmənin rolu ondan ibarətdir ki, ölkədə qərarların qəbulu çox uzun müddət aparır: “Əgər qısa müddətdə bunu həll etmək mümkün idisə, nəyə görə qərar qəbul edilməsini bu qədər yubatdılar? Yəni əgər səhv texniki xarakterli idisə, yanvarın ilk həftələrindəcə bunu aradan qaldırmaq mümkün idi. Əlbəttə, prosesdə hansısa təxribat amilinin rolunu olub-olmamasını hüquq-mühafizə orqanları müəyyən edə bilər. Lakin əsas nəticə budur ki, idarəetmədə qərarların qəbulu çox ləngdir, zəruri anda operativ qərar qəbuletmə yox dərəcəsindədir”.

Hərbçi ekspert Ədalət Verdiyevin fikrincə, hərbçilərin maaşlarının artırılması müsbət addımdır: “Çünki ordunun sayı artıb, son səfərbərliklə bağlı iki çağırışın heç biri tərxis olmayıb. Yəni bir il yarım xidmət edənlər, hazırda iki il xidmət etdilər. Bu isə o deməkdir ki, istənilən halda orduya çəkilən xərclər artıb. Müdafiə Nazirliyinin qərarı hissə və birliklərin yerləşdiyi ərazinin və əməliyyat şəraitinin dəyişməsini nəzərə almaqla, müharibədən sonrakı təhdidlər, xidmət xüsusiyyətləri və sosial-məişət şəraitinin mürəkkəbliyi nəzərə alınmaqla əlavələrin ödənilməsini nəzərdə tutur. Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib, yəni əvvəlki ön xəttə xidmət edən hərbçilərin maaşı olduğu kimi bərpa edildi. Azad olunmuş ərazilərdə yerləşən, düşmənlə birbaşa təmasda və yaxud sərhəddə olmayan hərbi hissələrdə xidmət keçən hərbçilərimizin maaşına isə 50 faiz əlavə olunavaq. Bu 50 faiz artım şəraitin mürəkkəbliyi nəzərə alındığı üçün ödəniləcək. Yəni həmin ərazidə yaşayış fondu, ev, kazarma hələlik yoxdur”.

Hərbi ekspert:

Ekspert əlavələrin müddətli xarakter daşımasına da aydınlıq gətirir: “Bilavasitə ön xətdə olmayan ərazidə hərbçilərimiz 50 faizlik əlavəni müasir tələblərə uyğun hərbi infrastruktur qurulana qədər alacaqlar. Əmrin sonunda “müddətdli əlavə” ifadəsi də bu əlavələrin mövcud təhdidlərə, xidmət xüsusiyyətləri və məişət şəraitinə bağlı olduğunu göstərir. Dolayısı ilə adı çəkilən təhdidlər və digər problemlərin mövcud olduğu müddətdə ödəniləcək”.

Dünya SAKİT

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!