“Zirə” Gəncə səfərindən 1 xalla qayıtdı.
Oyunun favoriti qonaqlar göstərilsə də, “Kəpəz” əzmkar futbolla iddialı rəqibindən xal almağı bacardı.
Halbuki qarşılaşma meydan sahiblərinin qələbəsi ilə də başa çata bilərdi. Sadəcə, sona yaxın təzyiqi artıran “qartallar” yekunda istəyinə çatdı – 1:1.
Matça rəng qatan əsas məqam isə azarkeşlərin stadionda yaratdığı möhtəşəm ab-hava idi.
90 dəqiqə ərzində bir an belə dayanmadan sevimli komandalarını qələbəyə səsləyən gəncəli fanatlar bu cür dəstəklə Azərbaycan futboluna, çempionatımızın tribunalarına damğa vururlar.
“Zirə”nin türkiyəli hücumçusu Eren Aydın da Gəncə stadionunda gördüklərindən zövq alıb.
Keçmiş “Qalatasaray”lı Sportinfo.az-a açıqlamasında təəssüratlarını bölüşüb:
“Gəncə azarkeşlərinin stadionda yaratdığı ab-hava həqiqətən möhtəşəm idi. Açıq deyim, rəqib futbolçu olmağıma baxmayaraq, bundan zövq aldım.
Səmimiyyətimə inanım, Superliqada mübarizə aparan bəzi komandaların belə azarkeş dəstəyi yoxdur. Bəzi stadionlar boş qalır.
Təbii ki, bu sözlərim bütün komandalara aid deyil. ‘Kəpəz’ bu cür azarkeşlərə sahib olduğu üçün həqiqətən xoşbəxtdir.
Həm komandaya, həm də onun sadiq azarkeşlərinə növbəti oyunlarda uğurlar arzulayıram”.
HƏBİB
