“Sumqayıt”la oyunda qələbəsizlik sindromuna son qoymaq istəyirik”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin forvardı Eren Aydın deyib.
Mövsümə inamlı başlayan “qartallar” startda ardıcıl üç oyunda qələbə qazanmaqla yaxşı mənada təəccübləndirməyi bacarmışdı.
Lakin sonradan komandanın nəticələrində eniş müşahidə olundu. Belə ki, Rəşad Sadıqovun çalışdırdığı kollektiv son 5 qarşılaşmanın 2-sində məğlub olub, 3-ündə bərabərə qalıb.
Türkiyəli futbolçu Sumqayıtla növbəti oyundan başlayaraq qələbələrin qazanılacağına inandığını bildirib:
“Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, 3 xal bizim olsun. Onsuz da hər oyuna bu niyyətlə çıxırıq. Sadəcə bəzi maçlarda, bəzi oyunlarda top qapıdan keçməyi istəmir.
“Kəpəz”lə sonuncu görüşdə, xüsusən ikinci hissədə yaratdığımız çoxsaylı qol imkanlarından yalnız birini qola çevirməyi bacardıq.
Ümid edirəm ki, bu dəfə top qapıdan keçəcək və yekunda qələbə bizim olacaq”.
Oktyabrın 23-də Zirə İdman Kompleksində keçiriləcək “Zirə” – “Sumqayıt” qarşılaşması saat 19:00-da start götürəcək.
HƏBİB
