"İndi Azərbaycan yığmasında oynaya bilmərəm"

21 Oktyabr 2022 02:30 Sizdən Bizə 1 032
"İndi Azərbaycan yığmasında oynaya bilmərəm"

İsveç millisinin sabiq üzvü, hazırda İraq yığmasının şərəfini qoruyan Jiloan Hamad sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, İsveç futbolunun yetirməsi olan Jiloan 1990-cı ildə Bakıda dünyaya göz açıb.

İraqdan Bakıya gəlmiş Hamad ailəsi 1992-cü ildə müharibə zamanı İsveçə köçüb. Berti Foqtsun zamanında Azərbaycan millisinə cəlb olunacağı gözlənilsə də, o, sonda İraq millisindən yana seçim etmişdi.

Hamad saytımıza açıqlamasında milli seçimi barədə danışıb:

"Bəli, vaxtı ilə belə söhbət var idi. Amma seçimim bəllidi. İraq millisində rəsmi oyuna çıxdığıma görə isə indi Azərbaycan yığmasında oynaya bilmərəm.

Bir müddət əvvəl Azərbaycan klubu mənimlə maraqlanırdı. Ancaq sadəcə danışıq səviyyəsində də qaldı, irəliləyiş olmadı.

Hər halda mən Azərbaycan millisində oynaya bilərdim. Azərbaycan Avropa ölkəsidi, millinin də yaxşı heyəti var, baxıram, izləyirəm. Lakin dediyim kimi, artıq Azərbaycan yığmasına cəlb olunmağım mümkünsüzdü".

"Örebro"da oynayan 31 yaşlı yarımmüdafiəçi uzun illərdən sonra Bakıya turist kimi səfər etmək istəyində olduğunu söyləyib. Hamad paytaxtımıza bu yay gələcəyini deyib:

"Seçimimi Azərbaycan millisindən yana etməsəm belə, Bakı mənim üçün hər zaman xüsusi şəhərdi. Bu cür də qalacaq.

Çünki orada doğulmuşam. Yaşadığımız yeri xatırlamaram. Çünki həmin vaxtı 2 yaşındaydım. 1992-ci ildə İsveçə köçmüşdük.

Amma ünvanımızı öyrənib, gəlib ora da baxardım. Bakını gəzmək istəyərdim. Mütləq gəlməliyəm. Axı ora mənim dünyaya göz açdığım şəhərdi.

Bu isə insan üçün xüsusi qalmalıdı. İnanın, hər zaman Bakıya gəlmək istəmişəm, sadəcə hansısa səbəblərə görə alınmırdı. Amma bu yay biletimi alıb gələcəm".

Jiloan Hamad “Forvard”, “Malmö”, “Hoffenhaym”, “Standart”(Liej), “Hammarbü”, “İnçeon Yunayted” və “Qoritsa” klublarında oynayıb.

İsveçin əsas yığmasında 8 oyun keçirmiş Hamad 2019-cu ildə İraq millisinin heyətində rəsmi debüt etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti