“Vestri”nin futbolçusu İbrahima Balde Sportinfo.az-a müsahibə verib.
30 yaşlı yarımmüdafiəçi komandasının Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk mərhələsi çərçivəsində 0:3 hesabı ilə məğlub olduğu matçdan sonra sualları cavablandırıb.
- Hesab arasındakı fərq daha böyük ola bilərdi. 0:3-ü sizin üçün qənaətbəxş hesab etmək olar?
- Nəticədən asılı olmayaraq məğlubiyyət üzügüdür. İstər 0:1 olsun, istər 0:3, istərsə də 0:5. Təbii, “Qarabağ” güclü rəqibdir, Çempionlar Liqasında “Çelsi”, “Liverpul”, “Nyukasl” kimi nəhənglərə qarşı oynayıb. Hansı səviyyədə futbolçulara qarşı mübarizə aparacağımızı bilirdik. Buna rəğmən bacardığımızın ən yaxşısını etməyə çalışdıq. Əks-hücumlar zamanı yaxşı imkanlarımız olsa da, dəyərləndirə bilmədik. Qol vursaydıq, bizim üçün xoş olardı.
- “Vestri”nin əsas heyət üzvlərindənsən. Zədəyə görə əvəzlənməyinin oyuna təsir etdiyini düşünürsən?
- İlk hissədə qolumdan aldığım zədəyə görə əvəzləndim deyə, baş məşqçimiz müəyyən taktiki dəyişikliklərə əl atdı. Bu da hansısa mənada oyunumuza təsir etdi. İlk oyunu uduzduq, lakin qarşıda bizi ikinci 90 dəqiqə gözləyir.
- Bu, “Vestri”nin, həm də sənin ilk avrokubok matçın idi. Beynəlxalq oyunun ağırlığı hiss olunurdu?
- Bu, ilk növbədə stadiondakı ab-havadan hiss olunurdu. Tribunalarda çox sayda azarkeş var idi.
- 20 mindən artıq.
- Bu, sadəcə möhtəşəmdir. Nə gizlədim, ilk dəfəydi bu qədər azarkeşin önündə oynayırdım. İspaniyada təxminən 10 min fanat görmüşdüm, lakin 20 min... Əla atmosfer var idi. Hiss olunurdu ki, başqa səviyyədir. Şəxsən oyundan və gördüklərimdən həzz aldım.
HƏBİB

