Batmaq istəməyən klub - Məsuliyyət birbaşa kimin üzərindədir?

17 Aprel 2023 11:40 Şamaxı 636
Batmaq istəməyən klub - Məsuliyyət birbaşa kimin üzərindədir?

Premyer Liqada mövsüm sona yaxınlaşır.

Gərgin mübarizə yalnız liderlər qrupunu əhatə etmir.

Həmçinin autsayderlərin səfində də bir didişmə, çarpışma görməkdəyik.

«Şamaxı» I Divizionun nəfəsini daha yaxından hiss edən iki komandadan biridir. «Səbail»in «qulağının dibi»ndə mövqe tutan «Şamaxı»nın «qələbə orucu» bu həftə də davam elədi.

Sonuncu qalibiyyətini «Sabah»la ev qarşılaşmasında qazanan əyalət komandası «Sumqayıt»a da üstün gələ bilmədi.

Oyun qapalı mübarizə şəraitində keçmədi. Açıq «döyüş» izlədik. «Şamaxı»nın hesabı açmaq üçün bir neçə imkanı oldu.

1 xaldan ötrü qapısı önündə «avtobus parkı» salmayan meydan sahibləri udumağı da gözünün önünə almışdı.

Hücum xətti «dişsiz» göründüsə, arxa xətti də inamlı təsir bağışlamadı.Oyun anlamında «Şamaxı»da çox şey var, nəticədən savayı.

Axı haradan olsun, evdə bişməyib, qonşudan gəlməyib. Cavid Hüseynovun ətrafına cəm etdiyi heyət kasaddır.

İstər say, istərsə də təcrübə sarıdan. «Şamaxı»da çatışmayan, nəticə qazanmağa mane olan səbəbləri yalnız burada axtarmalıyıq.

Axtaraq e, bir şey ki yoxdur, gedişat yekunda şən musiqi vəd eləmir. Nə tökərsən aşına, o da çıxar qarşına.

Məsuliyyət birbaşa klub rəhbərliyinin üzərindədir.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti