"Şamaxı" Azərbaycan Premyer Liqasının 4-cü turunda səfərdə"Zirə"ni 1:0 hesabı ilə məğlub edib.
Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- İlk qələbəmiz idi. Rəhbərliyi, futbolçuları, azarkeşləri təbrik edirəm. Bilirdik ki, “Zirə” üçün çətin olacaq. Çünki ağır oyundan gəlmişdilər. Avrokuboklarda oynayan komandalarımız hələ ki, çempionatda çətinlik çəkirlər. Normaldır. Bu fürsətdən yararlanmaq lazım idi. Yeni futbolçularımız var. Hesab nə olursa-olsun futbolçularım əzmkarlıq göstərdilər, xal qazanmaq üçün mübarizə apardılar. Bu oyunlar bizə lazımdır. Hər xal bizim üçün qızıl olacaq. Bu xal da elədir.
- Bugünkü qələbənizi “Zirə”nin yorğunluğuna bağlayırsız?
- Bu gün əzmkar olmasaydıq, “Zirə” ustalıq sarıdan bizdən üstün idi, rahat qalib gələrdi. Onlara imkan vermədik. Birinci hissədən daha çox razı qaldım. İkinci yarı dəyişikliklərdən sonra üstünlük rəqibə keçdi.
- “Şamaxı”nın bu mövsüm məqsədi nə olacaq?
- Bu suala hər dəfə geniş cavab verə bilərdim. Digər komandalarda işləyəndə də, bizdə sanki məqsəd istəyirlər ki, nəyisə tez bir zamanda nəticə verəsən, harasa gedəsən. Məqsəd çempionatda qalmaq, yuxarı yerlər üçün vuruşmaq, yeni oyunçular çıxarmaqdır. Bizdə U-21 millisindən üç oyunçu çıxış edir.
- Transferlər üçün pulunuz qalıb?
- Pulumuz yoxdur. Bəzən qəflətən gəlir.
- “Turan Tovuz”un hazırkı uğurunda özünüzü nə qədər pay sahibi görürsüz?
- Keçən il nə qədər xalımız var idi? Yaxşı başlayıblar. “Turan Tovuz” bizim üçün rəqibdir. Danışmağım düz olmaz. Çempionat hələ qabaqdadır.
- Qələbə sizin özünüzə stimul verdi? “Qarabağ” – “Turan Tovuz” matçı haqda nə deyərdiz?
- Klublar iki cəbhədə çətinlik çəkir. “Sabah”a da aid etmək olar. “Sumqayıt” da əziyyət çəkdi, sonra toparlandı. Bura inanıb gəlmişəm. Yenidən komanda qurmaq çox çətindir. Məncə, məşqçilikdə ən çətin işlərdən biri seleksiyadır. Daha sonra komandanı inandırmaq lazımdır. Hər qələbə bütün komanda və mənim üçün böyük stimuldur. “Zirə”ni səfərdə məğlub etmək asan iş deyil. “Zirə” keçən il çox möhkəm komanda idi. Kubokun finalında oynadı. Avrokuboklarda son oyunu çıxsaq, məncə, bu il “Zirə” çox yaxşı çıxış etdi. “Zirə”nin seleksiyasına baxsaq, “Qarabağ”a başağrısı olacaq. Məğlubiyyətlər bəzən qaçılmazdır. Belə komandanı məğlub etmək bizim üçün stimuldur.