"Şamaxı" Premyer Liqada sonuncu yeri tutsa, I Diviziona göndərilməyəcək?

11 May 2023 14:40 Şamaxı 1 747
"Şamaxı" Premyer Liqada sonuncu yeri tutsa, I Diviziona göndərilməyəcək?

«Şamaxı» 33 turdan sonra Premyer Liqanın axırıncı pilləsində məskunlaşıb.

23 xala malik əyalət təmsilçisi situasiyanı düzəltməsi çətin görünür.

Finiş mərhələsinə cəmi 3 tur qalıb və komandanın yenidən «Səbail»i qabaqlaması heç də inandırıcı deyil.

Amma elə bilməyin ki, «Şamaxı»nın düşərgəsində bədbin ab-hava hökm sürür. Bunun əsər-əlaməti də yoxdur.

Çünki rəsmilər həm məşqçilər, həm də futbolçuları xəbərdar edib ki, növbəti mövsümə yenə elitada başlayacaqlar.

Cari yarışmanı sonuncu pillədə bitirsələr belə! Bu əminlik onlarda hardandır, biz bilmirik.

Güman edirik ki, AFFA ilə danışıqlar apararaq, şifahi razılığa gəliblər. Yoxsa niyə bu cür təbliğat aparsınlar ki?

AFFA-nın baş katibi Sərxan Hacıyev hələ mart ayında mətbuata bəyan edib ki, Premyer Liqanı 10-cu yerdə bitirən iştirakçı gələn sezona I Divizionda başlayacaq, oradan isə yuxarıya 1 komanda gələcək.

O, dövlət tərəfindən ayrılan dotasiyanın 10 klub üçün nəzərdə tutulduğunu bildirərək, say artımının gündəmdə olmadığını açıqlayıb.

Ancaq son günlər söz-söhbətlər yayılıb ki, federasiya planlarında müəyyən dəyişikliyə gedib. Deyilənlərə görə, AFFA Premyer Liqa təmsilçilərinin sayını 12-yə çatdırmağı hədəfləyib.

Belə olsa, yüksək liqanın iştirakçıları yerində qalacaq, «Araz Naxçıvan» və «Zaqatala» onlara qoşulacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti