"Qarabağ"dan sonra yalnız "Zirə" bunu bacardı - SƏBƏB VAR

10 May 2023 17:00 Şamaxı 969
"Qarabağ"dan sonra yalnız "Zirə" bunu bacardı - SƏBƏB VAR

"Şamaxı" bu mövsüm evdə 3 və ya daha böyük top fərq ilə cəmi 1 dəfə uduzmuşdu. O da 29 tur əvvəl "Qarabağ"a - 0:4.

İkinci oxşar məğlubiyyət 33-cü turda "Zirə"dən alındı.

Ağdamlılarla görüşdə darmadağın anlaşılandı. Qurbanovun yetirmələri istəyəndə büdcəsi, heyəti, təcrübəsi "Şamaxı"dan çox böyük olan klublarımıza da belə ağır məğlubiyyətlər yaşada bilir.

Bəs "Zirə" önündə Cavid Hüseynovun yetirmələrinin belə asan təslim olmasına səbəb nə oldu? Məncə, tək səbəb risk idi.

Mövsüm sona yaxınlaşır. Sezonun bitməsinə cəmi 3 tur qalır. 33-cü tura sonuncu pillədən cəmi 1 xal öndə daxil olan bölgə klubu təhlükənin fərqindədir. Ki, elə də oldu. "Səbail" Sumqayıt səfərində 3 xal qazanınca "Şamaxı" sonuncu pilləyə düşdü.

Bu dönəmə kimi ehtiyatlı oyunla keçinmək olurdu. Məsələn, 0:1 uduzanda belə irəli çıxmağa, bütünlüklə hücumlara alüdə olmağa ehtiyac yox idi. Yeni yaranan komandanın nəticə ilə bərabər, həm də sistemə alışması lazım idi. Təbii ki, ikisi bir arada hər nə qədər çətin olsa da.

Amma indi risk etməkdən başqa yol qalmayıb. 0:1 uduzmaqla 0:3 uduzmağın ciddi anlamı yoxdur. Belədə rəqib komandalar üçün əla fürsətlər yaranmış olur

Arxada qalan oyunlara baxarıqsa, "Şamaxı" "Zirə"dən buraxdığı üçüncü qolu hələm-hələm qapısından buraxmazdı. İndi buraxdı. Çünki hamılıqla hücuma atılan, nəticəni düşünən komanda üçün belə mənzərə qaçılmazdır. Nəzərə alaq ki, rəqib də ilk "beşlik" təmsilçisi idi.

Son turda "Səbail"lə döyüş məlumdur. Böyük ehtimal Premeyer Liqadan kimin çıxacağın həmin matçda aydınlıq gələcək.

Ona kimi isə Hüseynovun yetirmələrini "Neftçi" və "Qəbələ" gözləyir. Hər iki kollektiv də sürətli əks-hücumları əla bacarır. Heyətlərində kreativ, fürsətləri boşa verməyən sanballı legionerlər var.

Deməli, həmin oyunlarda da risk etmək yolu seçiləcəksə, darmadağınlar da qaçılmaz olacaq.

Belə məqamlarda meydandakı təcrübəli simalar - Elvin Məmmədov, Rəşad Əzizli və Amil Yunanovun üzərinə məsuliyyət daha çox düşür. Ki, risk edən komandanın çox da dağılmasına, ruhdan düşməsinə imkan verməsinlər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti