Kamran Quliyevdən HƏDƏ DOLU MESAJ

9 May 2023 17:20 Şamaxı 889
Kamran Quliyevdən HƏDƏ DOLU MESAJ

“Şamaxı”nın hücumçusu Kamran Quliyev “Zirə”yə məğlubiyyət (0:3) haqda Sportinfo.az-ın suallarını cavablandırıb.

- Məğlubiyyətə nə səbəb oldu?

- Rəqibi təhlil edəndən sonra oyuna çox yaxşı hazırlaşmışdıq. Açığı, xal və ya xallar götürəcəyimizə inanırdıq. Təəssüf ki, düşündüklərimizi, məşqlərdə etdiklərimizi oyunda ortaya qoya bilmədik. İkinci hissənin əvvəlində ikinci qolu buraxmağımız komandaya pis təsir etdi. Məğlub olduq, qarşıdakı oyunları düşünməliyik. Premyer Liqada qalmaq istəyirik, inşallah, qalarıq.

- “Şamaxı”dakı motivasiya əvvəlki kimi deyil sanki. Nə baş verir?

- Mən o cür fikirləşmirəm. Finişə az qalıb deyə, bir az psixoloji təzyiq var. Yüksək dəstədə təcrübə toplayırıq və belə məqamda qarşımızda elitada qalmaq hədəfi dayanıb. Ola bilsin, bu öhdəliyin yaratdığı basqıdır.

- Əsas rəqibləriniz legionerlərlə bol olan “Sumqayıt” və “Səbail”dir. Səncə, elitada qalmaq mümkün olacaq?

- Öz gücümüzə inanırıq. Ən pis halda məsələ sonuncu turda öz aramızda həll olunacaq. Əminəm ki, həmin oyundan qalibiyyətlə qayıdacağıq.

- Mövsümün ilk yarısında əsas heyət üzvü hesab olunsan da, qışdan sonra sabitlik müşahidə etmirik. Bəzi oyunlarda ardıcıl ehtiyatda qalmağın nə ilə bağlıdır?

- Bu, zədə ilə bağlı idi. Martda millilərin oyunları ilə bağlı çempionatda yaranmış fasilə zamanı xəsarət almışdım. 20 günə yaxın bərpa olundum. Ondan sonra məşqlərə başladım deyə, bir müddət ehtiyatda qaldım.

- Məhsuldarlığın da mövsümün ilk yarısı ilə müqayisədə aşağı düşüb.

- Mövsüm sona yaxınlaşdıqca həyəcan artır, ustalıq səviyyəsi önə çıxır, rəqiblər daha diqqətli olmağa çalışır. Məncə, sırf bununla bağlıdır. Çünki, başqa problem yoxdur. Gözləyək, yaxşı olar, inşallah.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti