Mən nə səhv elədim, bu komandanı götürdüm və işləməyə razılıq verdim

7 May 2023 15:40 Şamaxı 7 814
Mən nə səhv elədim, bu komandanı götürdüm və işləməyə razılıq verdim

Gərginlik və təcrübəsizlik «Şamaxı»nı əldən salıb.

Ağır xəstə olmasından qorxuya düşən və depressiya yaşayan bir xəstə təsəvvür edin.

Müxtəlif analizlər verib və bir azdan həkimin qəbul otağına daxil olacaq.

Pis xəbər eşidəcəyindən əndişə keçirən o pasiyent nə haldadırsa, bax, «Şamaxı» da həmin fərdin günündədir.

Əl-ayaq əsir. Dil-dodaq dolaşır. Ruh halı itib.

Artıq Cavid Hüseynov da, futbolçuları da qəbul edib ki, Premyer Liqa onların yeri deyil, yol üstündədirlər -I Divizionun qapıları yarıbayarı aralanıb.

«Zirə» ilə qarşılaşma «Şamaxı»nın çöküşünün növbəti isbatı oldu. Ev sahibləri yalnız oyunun əvvəlində qımıldandı: topu dirəkdən döndü və artıq heç nə etmədi. Buna səy də göstərmədilər.

«Zirə»nin cavabından sarsıldılar. O qolu gözləmirdilər. Və fasilədən sonra tamamən təslim oldular.

Cavid Hüseynovun üz cizgiləri nə deyirdi? «Mən nə səhv elədim, bu komandanı götürdüm və işləməyə razılıq verdim …»dən başqa heç zad.

Dərin məyusluq içində texniki zonada özünə yer tapmayan bu gənc məşqçiyə səbr etməyi məsləhət görərdim.

Belə də ki, özü yıxılan ağlamaz. Bu da bir təcrübə idi. Gələn dəfə eyni səhvi təkrar etməməsi ümidi ilə…

MUSA

Digər Xəbərlər
Xəbər Lenti