Uçurumun biraddımlığında olan klubun kölgədə qalan qəhrəmanı

3 May 2023 21:00 Şamaxı 636
Uçurumun biraddımlığında olan klubun kölgədə qalan qəhrəmanı

Baş məşqçilərin heyət seçiminə hər zaman hörmətlə yanaşmışam, maksimum müzakirə etməməyə çalışmışam.

Ki, futbolçunun həftə boyun yanında olan, nəyə qadir olduğunu görən məşqçilərdi.

Kim uğursuz və ya qərəzli seçimlə özünə problem yaratmağa çalışar ki? Təbii ki, heç kim.

Amma bəzən statistika üzərindən müqayisələr aparmağı sevdiyimi deyə bilərəm. Çünki bəzən statistika futbolçunu başqa cür təqdim edir, məşqçilər baş cür görür. Məsələn, "Şamaxı"nın forvardı Amil Yunanov kimi.

Təcrübəli oyunçu son zamanlar ehtiyat qüvvəyə çevrilib. Halbuki mövsümün əvvəli lider kimi heyətə cəlb olunmuşdu.

İnsafən, bu yükün altından çıxmağı bacarırdı. Əbəs deyil ki, ilk 5 turda komandasının vurduğu hər iki qolun da müəllifi o olmuşdu.

Sonra aldığı ağır zədə uzun müddət yaşıl meydanlardan kənarda qalmağa səbəb oldu.

Qışdan sonrakı dönüş də əla alındı. Fasilədən sonrakı "Səbail"lə ilk oyunda 86-cı dəqiqədə meydana çıxan hücumçu qələbə qolunun müəllifi oldu.

"Şirlər"in mövsümün ikinci yarısında qazandıqları ikinci və sonuncu qələbə də Yunanovun adı ilə bağlıdır. Belə ki, "Sabah"la oyunun 68-ci dəqiqəsində meydana çıxan "9 nömrə" dubl edərək hava-su kimi əhəmiyyətli qələbənin (2:1) memarı olub.

Bir sözlə, bu il birmənalı olaraq onu komandasının xilaskarı adlandıra bilərik.

Düşünmək olardı ki, bu gedişat ağır zədədən qayıdan futbolçunun qısa müddətdə əsas heyət üzvünə çevrilməsini şərtləndirəcək. Düzdü, əsas heyətdə oyunlara çıxırdı, amma birqayda olaraq sonradan əvəzlənib.

Son 3 turda isə ümumiyyətlə ilk "onbirlik"də ona yer tapılmayıb.

Yalnız sonradan 15-20 dəqiqə meydan çıxmaqla yadda qalıb. Təbii ki, sabit oyun keçirməməsi Amilin performansına da təsirsiz ötüşmür.

O, 7 oyundu nə qol vura bilir, nə də qol ötürməsi edir. Mövsüm ərzində onun kəsərsiz olduğu belə uzun seriya olmamışdı.

Sona 4 tur qalır. Premyer Liqada qalmaq yolunda hər matç bir final deməkdir. Belə məqamda əsas qol ümidinin düşdüyü durum məşqçilər korpusunu yenidən düşündürməlidir. Sonra gec ola bilər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti