“Kəpəz”ə qarşı oynamaqdan zövq alan gəncəli: “Prinsipim yox idi, xoş oldu”

23 Aprel 2023 23:20 Şamaxı 1 209
“Kəpəz”ə qarşı oynamaqdan zövq alan gəncəli: “Prinsipim yox idi, xoş oldu”

“Hər oyunda məqsədimiz qələbə qazanmaqdır.

Bu dəfə də meydana 3 xal üçün çıxmışdıq, təəssüf ki, maksimum hədəfə çata bilmədik”.

“Şamaxı”nın futbolçusu Zahid Mərdanov Sportinfo.az-a açıqlamasında komandasının “Kəpəz”lə oyunu barədə fikirlərini bildirib.

Şamaxılılara qələbə hava-su kimi lazım olsa da, 1 xalı da qənimət bilən gəncəlilər istəyinə çatdı.

Komandalar hərəyə 1 qol vurmaqla hərəyə 1 xal qazandı ki, bu, daha çox “Kəpəz”in işinə yaradı. Halbuki, meydan sahibləri qalibiyyətə yaxın idi.

22 yaşlı müdafiəçi itirilən 2 xala görə təəssüfünü gizlətməyib:

“Oyun üstünlüyümüz şəraitində keçdi. Matçın əvvəlində əlverişli qol imkanlarından yararlana bilmədik.

Dəyərləndirə bilsəydik, nəticə fərqli olardı. Ani diqqətsizlik üzündən buraxdığımız qol rəqibi ümidləndirdi.

Rəqibin vaxt uzatmasından, oyunun tempini aşaşı salmasından hiss olunurdu ki, 1 xal onlara kifayət edir. Biz isə qələbə topunu vurmaq üçün tələsirdik”.

Zahid Mərdanov ötənlərin məşhur futbolçusu, hazırda “Kəpəz-2”nin baş məşqçisi olan Xaliq Mərdanovun oğludur.

Kiçik Mərdanov cari mövsümün qış fasiləsində “Kəpəz”dən “Şamaxı”ya keçib və hazırkı komandasında 8 oyunun iştirakçısı olub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti