"Şamaxı" Premyer Liqanı tərk edəcək?

18 Aprel 2023 20:40 Şamaxı 1 121
"Şamaxı" Premyer Liqanı tərk edəcək?

Premyer Liqada sona 6 tur qaldı.

İndi hər kəsi əsas düşündürən sual eynidir - Görəsən, Premyer Liqanı kim tərk edəcək?

Namizədlər 1 deyil, 2 deyil. Hətta 6-cı pillədə olan "Turan" belə nəzəri olaraq sonuncu pilləyə yuvarlana bilər.

Amma nədənsə xüsusi adı çəkilən klub "Şamaxı"dır.

Əksəriyyət ən real namizəd olaraq onları görür. Maraqlıdır niyə? Hansı əsasla?

Bəli, heyətində olan legionerlərə görə "Şamaxı" bütün rəqiblərindən bir addım geridədir. Bəs, bu gerilik özünü meydanda göstərirmi?

Məncə, qəti göstərmir. Hər kəs etiraf edər ki, bütünlüklə yerli oyunçulardan ibarət komanda kifayət qədər məzmunlu və sistemli oyun göstərir.

Əsas rəqibləri hesab olunan komandalarla oyunda da onlardan geri qalmadığını meydanda əyani göstərir.

Statistika da "şirlər"in Premyer Liqanı tərk etməyə ən real namizəd olmadığını göstərir. İkinci "beşlik"də "Kəpəz"dən sonra (aktivində 30 qol var) 24 qolla ən məhsuldar komanda "Turan" və "Şamaxı"dır.

Cavid Hüseynovun yetirmələri müdafiədəki etibarlılığına görə isə yalnız "Turan"dan geri qalır.

Sonuncu pillədə qərarlaşan "Səbail"dən 1 xal öndə olan "Şamaxı" onu qabaqlayan "Sumqayıt"dan 4 xal ayırır.

Mövsümün əvvəli təcrübəsizlikdən alınan bir neçə irihesablı məğlubiyyətlər olmasaydı, "Şamaxı" adına bu gün daha parlaq statistika görə bilərdik.

Bir sözlə, səslənən iddia bu kluba yapışmır. Gərgin mübarizə hələ qarşıdadır. Və bu rəqabətdə heç də ən zəif bənd "Şamaxı" deyil.

Göründüyü kimi, bölgə klubu əksər rəqiblərinə nə oyun komponentində uduzur, nə də statistikada. Qalır bir qədər şansının gətirməsi.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti