Dünən "Şamaxı" növbəti bəyanatı yayıb.
Bəyanatda klubun strategiyası və hədəfləri açıqlanıb.
Təqribən 2800 işarəlik açıqlamada bir sıra maraqlı məqamlar diqqət çəkir. Burada klubun ötən ilin yayından bəri göstərdiyi fəaliyyətin növləri sadalanır.
Əvvəlki bəyanatlarda səsləndirilmiş bir çox fakt və fikirlərə bu dəfə də geniş yer verilib.
Sənəddə qeyd olunan bir məqamın üzərində dayanaq:
“Şamaxı” artıq yeni bir inkişaf mərhələsinə doğru irəliləmək üçün mühüm addımlar atmaqdadır. Klub rəhbərliyi, məşqçilər və inzibati heyət qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün tərtib edilmiş plan üzrə yorulmadan birlikdə fəaliyyət göstərir. Biz yaxın gələcəkdə komandamızın məqsədlərinə çatacağına və ölkə futbolu adına uğur qazanacağına çox inanırıq“.
Nə başa düşdüz? Bu, yeni plan barədə verilən üstüörtülü mesajdır. Klub rəhbərliyi növbəti mövsümün üzərində indidən işləməyə başlayıb və hansısa irəliləyişə nail olub.
Onun konturlarını hələ tam müəyyənləşdirə bilməmişik, sadəcə, əlimiz müəyyən informasiyalara çatıb. Məsələn, redaksiyamızın əldə etdiyi məlumata görə, «Şamaxı» yeni sponsor tapıb.
Demə, rayonun icra başçısı Tahir Məmmədov neçə ay öncədən bu məsələnin üzərinə düşüb. Ölkədə fəaliyyət göstərən böyük bankların biriylə danışıqlar aparılıb.
Axır həftələrdə isə başqa bir şirkətlə görüşmələr başlayıb və ilkin nəticə əldə olunub. Bu, nə vaxt açıqlanacaq? Hər şey böyük ölçüdə komandanın Premyer Liqadakı göstəricilərindən asılıdır.
«Şamaxı» elitada yeri qoruyarsa, gələn sezonla əlaqəli durum indiki ilə müqayisədə tamamilə fərqlənəcək. Büdcə bir neçə dəfə artacaq.
Bu da o deməkdir ki, klub iddialı duruma gələcək. «Şamaxı»nı himayəsinə götürmək istəyən şirkətin, həmçinin onun əsl sahibinin kimliyi də bizə məlumdur.
Müəyyən nüanslara görə hələlik onun adını açıqlamağa tələsmirik. Qoy, zamanı gəlsin. Ona isə hardasa 1,5 ay qalıb.
İşlər yönətimin arzuladığı istiqamətdə inkişaf eləsə, yəni, komanda I Diviziona enməsə, növbəti «futbol ili»ndə medallar uğrunda mübarizə aparacaq səviyyədə «Şamaxı» izləyəcəyik.
SPORTİNFO.AZ

