Yəqin ki, «Şamaxı» rəhbərliyi mövsümün başında verdikləri qərara görə peşmanlıq hissi keçirirlər.
Bu dəqiqə oturub fikirləşirlər ki, biz niyə belə etdik, gərək riskə getməzdik.
«Şamaxı» Premyer Liqanın yeganə iştirakçısıdır ki, milliləşdirilmiş və legioner futbolçulardan imtina edib.
Harada kənara, harada ehtiyata atılmış oyunçu var, kimisini icarə, kimisini birbaşa müqavilə əsasında bir formanın altına yığıblar.
Forma demişkən, «Şamaxı» Premyer Liqanın yeganə iştirakçısıdır ki, başqa rəngdə geyimi yoxdur.
Səfərə çıxdıqları hər oyundan qabaq ev sahiblərinin adminstrativ heyətinə dil tökürlər ki, amanın bir günüdür, qırmızı geyinməyin, yoxsa qarşılaşma baş tutmaz.
İndiyədək heç bir klub «Şamaxı»nın bu yöndə xahişini yerə salmayıb, onlara anlayış göstəriblər.
Bu, yalnız meydandan kənarda belədir. Meydanda isə «Şamaxı» güzəştsiz rəqabətin, qüvvələr nisbətindəki fərqin təzyiqi altında əzilməkdədir.
Mövsümün final mərhələsi başlayıb. Qarşıdakı səkkiz turun hər bir «ölüm-qalım» mübarizəsi vəd edir.
Dəqiq olan budur ki, I Diviziona enməmək uğrunda yarışma əsasən «Şamaxı» ilə «Səbail» arasında gedəcək.
Cavid Hüseynov bu perioda yalnız futbolçularının əzmkarlığına ümid bəsləyə bilər, başqa bir avantajları gözə dəymir. «Səbail»in hakimlərə təsir rıçaqları var, «Şamaxı»da bu da yoxdur.
Təcrübə və legioner gücü – «Səbail»də bu komponentdə də «Şamaxı»nı üstələyir.
MUSA

