Komandasına 3 xal qazandırdı, mükafat istəyini gizlətmədi - MÜSAHİBƏ

27 Fevral 2023 14:00 Şamaxı 533
Komandasına 3 xal qazandırdı, mükafat istəyini gizlətmədi - MÜSAHİBƏ

Qış fasiləsindən sonra məğlubiyyətləri sıralayan “Şamaxı” hesabat turunun sensasiyasına imza atdı.

Bölgə təmsilçisi çempionatın iddialı komandalarından olan “Sabah”ı 2:1 hesabı ilə məğlub etdi.

Qələbənin memarı isə oyuna sonradan qoşulan Amil Yunanov oldu. Təcrübəli hücumcu ikinci hissədə vurduğu 2 qolla oyunun taleyini həll etdi.

Yunanov suallarımızı cavablandırdı.

- "Sabah"la oyunda qələbəyə inanırdız?

- Oyuna ciddi hazırlaşırdıq. Öz meydanımızda oynayırdıq. "Sabah" son turda məğlub olmuşdu deyə, gərginlik var idi. Bu vəziyyətdən istifadə etməyə çalışdıq. Qələbə qazandığımıza görə sevinirik. Açığı, "Sabah" kimi komanda ilə oyunda heç-heçə də bizim üçün pis nəticə deyildi. Amma qələbə lap yaxşı oldu.

- Öz oyununu necə dəyərləndirirsən?

- Etiraf edim ki, birinci qolum yaxşı alındı. İkinci də penaltidən idi. Sevindirici məqam odur ki, həm qol vurdum, həm də komandam qələbə qazandı. Komanda yoldaşlarımla azarkeşlərin sevinci hər şeyə dəyərdi.

- Penalti anında tərəddüd, həyəcan var idi?

- Xeyr, qətiyyən. "Səbail"lə görüşün 90-cı dəqiqəsində də penaltidən qol vurmuşdum. Belə anlarda çəkinmirəm, ürəkli olmağa çalışıram. Ürəksiz olsam, heç vaxt topa yaxınlaşmaram.

- Penalti anında Elvin Məmmədov yanındaydı. Topu ona vermək keçdi ağlından?

- Elvin həm kapitandır, həm də komandada ən yaşlı futbolçudur. Ondan soruşdum ki, penaltini vurum? O da sakit şəkildə “vur” dedi. Soruşmalı idim, çünki hamımız Elvinə hörmət edirik.

- Bu qələbəyə görə nə qədər mükafat veriləcək?

- Bu, komandanın içində olan bir şeydir. Yəqin ki, digər matçların mükafatından fərqli olar. Ümid edirəm rəhbərlik bizi sevindirər (gülür).

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti