SƏRT MESAJ VAR: “Sonuncu olmayacağıq!”

26 Fevral 2023 23:40 Şamaxı 447
SƏRT MESAJ VAR: “Sonuncu olmayacağıq!”

“Açığı, qələbə qazanacağımızı gözləyirdim. Son 4 oyunda sərgilədiyimiz futbol gec-tez qalib gələcəyimizə mesaj idi”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Premyer Liqanın 24-cü turu çərçivəsində “Sabah”ı məğlub edən “Şamaxı”nın qapıçısı Rəşad Əzizli deyib.

“Tələbələr” çempionluq uğrunda “Qarabağ”la mübarizə apardığı halda, bölgə təmsilçisi çempionatda qalmaq üçün çalışır.

Maraqlıdır, səviyyə baxımından aşkar fərqin hiss olunduğu komandaların oyununda meydan sahibləri qonaqları hansı komponentlərdə üstələdi? “Şamaxı”nın qalib gəlməsində əsas rolu nə oynadı?

Rəşadı dinləyək:

“Ən böyük problemimiz hücumlar zamanı sonluğu gətirə bilməməyimiz idi. “Sabah”la qarşılaşmada bunu bacardıq. Və ən əsası məşqçilər heyətinin verdiyi bütün tapşırıqları 100 faiz yerinə yetirməyi bacardıq. Halbuki, əvvəlki görüşlərdə bunu edə bilmirdik.

“Sabah”ın “Turan Tovuz”a yenilgidən sonra psixoloji sarsıntı yaşadığını deməzdim. Komandadakıların hər biri peşəkar futbolçudur. Bizimlə oyunda da qələbə üçün necə can yandırdıqlarını gördüz. Sadəcə, bu dəfə biz onlarla müqayisədə daha istəkli idik və qol epizodlarından biz maksimum yararlandıq. Qələbədə bu iki amil əsas rol oynadı”.

Məlum qalibiyyətdən sonra Əzizlinin “Şamaxı”nın çempionatda qalacağına dair inamı artıb:

“Qarşıda çox oyunlar olacaq. Biz öz işimizi görüb xallarımızı qazanmalıyıq. Biz sonuncu olmayacağıq!”

“Şamaxı” 24-cü turdan sonra xalların sayını 19-a çatdırmaqla turnir cədvəlində 8-ci pilləyə yüksəlib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu