Bölgə klubunun kölgədə qalan XOŞBƏXTLİYİ

26 Fevral 2023 22:20 Şamaxı 458
Bölgə klubunun kölgədə qalan XOŞBƏXTLİYİ

“Sabah”ın Premyer Liqada uğursuz oyunlar seriyası davam edir. “Qarabağ”la oyunlardakı xal tikisi başadüşülən idisə, “Turan Tovuz” və “Şamaxı” ilə matçlarda məğlubiyyətlər bağışlanmazdır.

Təməli yayda qoyulan hər iki kluba məğlubiyyət Masazır təmsilçisinə yaraşmadı. Məğlubiyyətlər bir kənara, oyun olaraq da Murad Musayevin yetirmələri o qədər parlaq gözə çarpmadılar.

Və bu xüsusda gedən müzakirələr, edilən tənqidlər hardasa normaldır. Söhbət daha yaxşı büdcəyə, geniş heyətə sahib olan və cəmi iki tur əvvəl çempionluq şansı müzakirə olunan olunan kollektivin uğursuzluğundan gedir.

Amma bu da əsas vermir ki, “Sabah” yaxşı oynamadı", "eyforiyaya qapıldı", "rəqibləri qiymətləndirmədi" - deyərək “Şamaxı”nın qələbəsini kölgədə saxlayaq.

El arasında yaxşı bir söz var – Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz.

Məncə, həm də kiminsə bədbəxtliyinin kölgəsində başqasının xoşbəxtliyini gizlətmək olmaz.

Bu gün “Şamaxı” cəbhəsi xoşbəxt tərəfdir. Niyə də olmasın?

Heyətində legioneri yox, ulduz yerli futbolçusu yox. Əksəriyyəti yayda futbolu atmağa hazırlaşan uşaqlar olub.

Və bu gün Cavid Hüseynovla Vüqar Əsgərli tandemi həmin uşaqlarla fantastik işlər görürlər.

Önündəki komandanın büdcəsindən, heyətindən çəkinmədən sona kimi döyüşürlər.

Hesabda önə çıxırlar, qısa müddət sonra bərabərlik qolun buraxırlar, amma yenə sınmırlar.

Qızıl bir xala qane olmaq yox, qızıldan da dəyərli 3 xala sahib olmağı seçirlər.

Bu adamlar kölgədə qalmağa yox, təriflər, təbriklər eşitməyə daha layiqdirlər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"