Diviziona düşmək istəmirlər – Dözdü, dözdü, aldı!

26 Fevral 2023 17:40 Şamaxı 516
Diviziona düşmək istəmirlər – Dözdü, dözdü, aldı!

Dörd həftəlik intizara son! Bu qədər gözləməyə dəyərdi.

Mövsümün daha bir sensasiyası dünən Şamaxıda qeydə alındı.

Turnir cədvəlinin «zirzəmi»sinə enmiş «Şamaxı» çempionluq savaşının düz mərkəzində yer alan «Sabah»ı yendi. Amil Yunanovun ikinci hissədə etdiyi dubl bəzi sualların cavabı oldu.

«Qarabağ»ın ən yaxın izləyicisindən nisbətən uzaqlaşması və alt sıraları maraqlandıran mübarizənin sonadək davam edəcəyi kimi.

Biz bir kərə gördük ki, «Şamaxı» asanlıqla təslimiyyət bayrağı qaldırmayacaq, I Divizionun yolunu tutmamaqdan ötrü özünü sahilə çırpacaq.

Cavid Hüseynovun gözünə yuxu gedər yəqin. Dörd məğlubiyyətdən sonra toparlanmaq, «Sabah» kimi iddiası yerə-göyə sığmayan qonağa belə bir acı sürpriz yaşatmaq hünər istəyir.

O, bütün təzyiqlərə baxmayaraq, komandasını bu ağır oyuna hazırlaya bildi. Həmişə nə söyləyirdik, «Şamaxı»nın yeganə «silah»ı əzmkarlıqdır.

Axır dörd həftədə bu «silah»dan yaxşı istifadə etmədilər, mövqeləri əldən verdilər.

Dünən isə oyuna yeni səhifə açaraq başladılar, son dəqiqədə də olsa, 3 xalı öz aktivlərinə yazdılar.

«Sabah»ın meydanın onlara aid hissəsində pressinq etməməsi, orta sahədə yumşaq oynaması, müdafiədə boşluqlar verməsi «Şamaxı»nı nəzmə çəkdi, qələbə şərqisini səsləndirmək Amilə qismət oldu.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti