“Şamaxı”nın hansı şəraitdə yaşadığını bilirdiz? – “DANIŞAN” ŞƏKİLLƏR

23 Fevral 2023 16:40 Şamaxı 1 610
“Şamaxı”nın hansı şəraitdə yaşadığını bilirdiz? – “DANIŞAN” ŞƏKİLLƏR

Şəxsi işimlə bağlı çərşənbə günü Şamaxıya yollanacağımla bağlı qərar verəndən dərhal sonra “Şamaxı”nın məşqçilər heyəti ilə danışıb klubun bazasına baş çəkmək icazəsini almışdım.

O boyda yolu qət ermişkən, həm də vaxt varkən, niyə də olmasın?

Açığı, məşqçi və futbolçu heyətinin Şamaxıda hansı şəraitdə yaşaması, gənclərdən qurulan kollektivin Premyer Liqa oyunlarına necə hazırlaşması çoxdan marağımı çəkmişdi.

Üstəlik, Şamaxıda kollektiv üçün yüksək şərait yaradıldığını eşitmişdim ki, “100 dəfə eşitməkdənsə 1 dəfə görmək” məsəlindən doğan qaydaya əməl etmək istəyirdim. Nə gizlədim, gördüklərimdən şoka düşdüm.

Premyer Liqada iştirak edən klubların şəraiti ilə az-çox tanışam. Digərləri ilə işim yoxdur, ölkənin ən büdcəli komandaları olan “Qarabağ”, “Neftçi” və “Sabah”ın məşqçi-futbolçu heyətinin hansı şəraitə sahib olduğunu görmüşəm. “Sabah”ın bazası yoxdur, “Neftçi”nin yeni bazası illərdir tikilməkdə davam edir, aralarında yaxşı mənada fərqlənən “Qarabağ”dır.

“Şamaxı”, sağında İcra Hakimiyyəti, solunda Mərkəzi Univermaq, sol yuxarı küncündə rayon polis idarəsinin yerləşdiyi “Şirvan” otelində məskunlaşıb. Otel dediyimiz məkanda sovetdən heç nə qalmayıb. “Şirvan” sıfırdan yenilənib, ən son standartlara cavab verir. Əsasən komanda üzvlərinin məskunlaşması üçün nəzərdə tutulsa da, zaman-zaman xüsusi qonaqlar olur. Mehmanları da ki, yoldan keçənlər yox, “yuxarıdan” işlə bağlı regiona səfər edənlərdir.

Oteldəki şərait haqda çox danışmaq olar. Uzun-uzadı yazmaqla baş ağrıtmaq niyyətindən uzağam. Axı, indiki oxucular lakonikliyi sevir, yazı uzun olanda aşağı sürüşdürüb “qaçırlar”. Məqalənin aşağı hissəsindəki şəkillər sizi otellə “tanış edəcək”.

“Şamaxı”nı ziyarətim səhər saatlarına təsadüf etdiyindən tam təbii olaraq səhər yeməyinin vaxtı idi.

Qaymaq, yağ, bal, yoqurt və tüstüsü üstündə olan xaş “müştərilərini” gözləyirdi. Yəni o yeməklərdən dadan futbolçu məntiqlə qarşısındakı rəqibi Şamaxıya gəlməyə peşman etməlidir.

Yataq otaqlarındakı təmizlik və rahatlıq adamı oteli tərk edib işin dalınca getmək fikrindən daşındırır. Çarpayısında yatmaq, hamamında çakkuzi ləzzətini yaşamaq istəyirsən.

Sauna, basseyn, oyun otağı, muzey, qiraət zalı – adam kimi yaşamaq və fikrini futbola cəmləmək üçün hər şey var.

Otelin 50 metrliyindəki köməkçi bina isə komandanın iş yeridir. Görüşlər və videoanalizlər orda olur. Məşqçilər günün çox hissəsini monitorlarla lövhələrin qarşısında keçirir. Məşqçilər üçün doğma, futbolçular üçün bəlkə də arzuolunmaz yerdir. Oyunlardakı səhvlər aşkarlanır, kimsə danlanır, kiməsə tapşırıq verilir.

Stadionla oteli piyada 5 dəqiqəlik, təxminən 300-400 metrlik məsafə ayırır. Yəni bu baxımdan da problem yoxdur.

Yeganə problem komandanın büdcəsinin yox dərəcəsində az olmasıdır. Bir müddət əvvəl aparıcı klublardan birinin aparıcı futbolçusu “Şirvan”a baş çəkib ordakı şəraiti görəndə özünü saxlaya bilməyib: “Heyf pulunuz yoxdur, günü sabah gəlib oynayardım, burda qalardım”.

Çempionatın ən az büdcəli komandası yerlilərin ümidinə qalmaqla Premyer Liqada adından söz etdirməyi bacarırsa, gör, sponsor tapılsa, nə oyun çıxardar.

“Şamaxı”nı o vəziyyətdə görüb nə düşündüm? Oğula milyoner atasından dağ boyda malikanə qalıb, hər gün bahalı binaya baxıb dərindən köks ötürür. Amma cibində bir qəpik pulu yoxdur.

HƏBİB ASLANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti