"Hələ heç nə etməmişik, sözümüzü deməmişik" - Rəqib tanımırdılar, onlara nə oldu?

22 Fevral 2023 20:40 Şamaxı 405
"Hələ heç nə etməmişik, sözümüzü deməmişik" - Rəqib tanımırdılar, onlara nə oldu?

Qış fasiləsində qədər “Şamaxı”nın adı dillər əzbəri olmuşdu.

Premyer Liqanın legionersiz yeganə komandası qələbələri sıralayır, özünəməxsus futbolu ilə adından söz etdirir, azərbaycanlı futbolçuları digər klubların diqqətini çəkirdi.

Lakin mövsümün ikinci yarısı başlar-başlamaz komanda “yatdı”. Elvin Məmmədov ağır zədə aldı, Adil Nağıyev komandanı tərk etdi, Amil Yunanov isə əməliyyatdan sonra hələ də ideal formasında deyil.

Bölgə təmsilçisi 2023-cü ildə meydana çıxdığı 5 oyunda yalnız “Səbail”i məğlub etməklə (2:1) son 4 matçın hamısında uduzub. Növbəti görüşlər isə “Sabah”, “Zirə” və “Neftçi”yə qarşıdır.

Mütəxəssislərin ehtimalına inansaq, “Şamaxı”nın “relsdən çıxmasının” başlıca səbəblərindən biri aparıcı futbolçuların digər klubların maraq dairəsinə düşməsidir. Ki, bu məqam onlarda rahatlıq yaradıb və ya meydandakı istəyini azaldıb.

Hücumçu Bahadur Həziyev Sportinfo.az-a açıqlamasında ardıcıl məğlubiyyətlərlə bağlı danışmaqla yanaşı, futbolçuların rahatlaşması ilə bağlı deyilənlərlə razılaşmadığını söyləyib:

“Gənc komandamız var və hər bir futbolçu özünü yaxşı tərəfdən göstərmək istəyir.

İnanırsız, haqqımızda kimin nə danışmasına, kimin adının hansı klubla yanaşı hallanmasına fikir vermirik. Çünki azı mövsümün sonuna qədər “Şamaxı” ilə müqaviləmiz var.

Kiminsə rahatlaşmasından, ya da ulduz xəstəliyinə tutulmasından söhbət gedə bilməz. Hələ heç nə etməmişik, sözümüzü deməmişik.

Belədə necə rahatlaşmaq olar? İl girəndən yalnız “Səbail”i udmuşuq, qalan oyunları uduzmuşuq.

Belə baxanda pis oynamırıq. Bütün rəqiblərə müqavimət göstəririk, qol epizodları yaradırıq.

Sadəcə, qol vurmaq, qələbə qazanmaq baxımından axsayırıq. Problemləri aradan qaldırıb növbəti görüşlərdə qələbələr qazanmalıyıq”.

Bahadur Həziyev cari mövsümdə “Şamaxı”nın Premyer Liqada keçirdiyi 23 oyunun hamısında meydanda olmaqla 3 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti