DƏRİN BÖHRAN və ya pərən-pərən düşən "təcrübə zənciri"

22 Fevral 2023 17:00 Şamaxı 497
DƏRİN BÖHRAN və ya pərən-pərən düşən "təcrübə zənciri"

Cavid Hüseynovun "Şamaxı"da zülümü bir deyil, iki deyil. Çoxdur!

Heyətin gənclərdən qurulması bir dərddi, kasad olması başqa.

Biri cəza aldı problem, zədə aldı problem, klubdan ayrıldı yenə problem.

Məsələn, Adil Nağıyev kimi. Qış fasiləsində məxsus olduğu "Səbail"ə qayıdan təcrübəli futbolçunun yoxluğu hələ də hiss olunur.

İddia etmirik ki, Nağıyev olanda "şirlər"in müdafiə xətti keçilməz idi. Amma insaflı olsaq, daha inamlı olduğunu qəbul edərik.

Onun oynadığı oyunlarda 3 qolu "Şamaxı"nın qapısından ya "Neftçi" keçirərdi, ya da "Qarabağ". İndi "Kəpəz" üçün də bu adiləşib.

Buraxılan qollar da bir-birindən sadə. Kor gözlə baxan da hiss edər ki, o zonaya bir ağsaqqal mütləqdir.

Cəlal Hüseynov, Nihad Quliyev və Rəhman Daşdəmirov son müdafiəçi kimi pisdilər demək olmaz. Hər biri bacardığını meydanda qoyur, layiqli mübarizə aparır.

Sadəcə, üçü də nisbətən gənc futbolçulardı. Olduqları zona isə təcrübəli futbolçuları sevir. Heç olmasa bir nəfər. Düzdü, bundan sonra Hüseynovun belə birini heyətə cəlb etmək imkanı yoxdur. Amma belə də davam etmək çətin görünür.

Hələ odur ki, məşqçilikdə yeni olsa da belə vəziyyətdən baş çıxara bilir.

Qışa kimi hər mövqedə bir təcrübəli oyunçu yer alırdı. Qapıda Rəşad Əzizli, müdafiədə Adil Nağıyev, orta xəttə Elvin Məmmədov, hücumda isə Amil Yunanov.

Bu, təbii ki, təsadüf bir düzülüş deyildi. Məşqçinin verdiyi ağıllı qərarın məhsuludur. Bəs, ehtiyat? Elə Hüseynovu da ağlamaq burda tutur.

Nağıyev ayrılıb, Məmmədov və Yunanov isə hələ indi-indi zədədən sonra forma yığırlar. Əvəzləyiciləri də yox. Təsəvvür edin ki, Rəşadda başlayıb, Yunanovda bitməli olan təcrübə halqası elə Əzizlidə başlayıb, onda da bitir.

İndiki "Şamaxı"nın dərdi bu qədər bəsitdir. Yaxşı oyunla yaxşı nəticənin uzlaşmamasının kökündə də qırılan həmin "təcrübə zənciri" durur. Bərpası çətin, alternativi də mümkünsüz görünür.

Və bütün bunlara rəğmən Cavid bəy təcrübəli həmkarları, təcrübəli rəqibləri ilə mübarizədə hələ də geri qalmırsa, ona əhsən düşür.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti