“Kəpəz”ə lazım olmadı, Gəncəyə gəldi, “Sportinfo”ya etiraf etdi ki...

19 Fevral 2023 19:40 Şamaxı 1 148
“Kəpəz”ə lazım olmadı, Gəncəyə gəldi, “Sportinfo”ya etiraf etdi ki...

“Meydana çıxanda fərqli hislər keçirdim. 7 il “Kəpəz”in formasını geyinmişəm, bu dəfə rəqib qismində bu komandaya qarşı oynadım”.

“Şamaxı”nın əslən gəncəli futbolçusu Əli Səmədov Sportinfo.az-a açıqlamasında komandasının Premyer Liqanın 23-cü turu çərçivəsində Gəncədə “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Əli uzun illər sarı-göy formanı geyinib və bu komandanın kapitan sarğısını daşıyıb. Lakin Tərlan Əhmədovun gəlişindən sonra baş məşqçinin qara siyahısına düşdü və qış fasiləsində “Kəpəz”i “Şamaxı”ya dəyişdi.

Əlbəttə, şamaxılıların qələbə qazanması təcrübəli futbolçu üçün ikiqat önəmli idi

. Həm komandasının turnir cədvəlindəki mövqeyi yaxşılaşacaq, həm də Səmədov ona gərək duymayan Əhmədovun gözləri qarşısında sevinəcəkdi. Qonaqlar çox çalışsa da, məqsədinə çata bilmədi.

Səmədov məğlubiyyətin səbəbini açıqlamaqla yanaşı, səmimi etirafla yadda qalıb:

“Gəncəyə 3 xal dalınca gəlmişdik. Çox çalışsaq da, alınmadı. Fikrimcə, komanda çox yaxşı mübarizə apardı.

Bura gələn komandalar həmişə azarkeş amilinə görə çətinlik çəkib. Gəncəli fanatların dəstəyinin “Kəpəz”in qələbəsində əsas rol oynadığını düşünürəm.

Etiraf edirəm, meydana sonradan daxil olmağıma baxmayaraq, qol vurmaq, komandama qələbə qazandırmaq istəyirdim. Amma özümdə “Kəpəz”ə qarşı prinsipiallıq yox idi.

Ola bilər, baş məşqçi xidmətimə ehtiyac duymayıb, aramızda hansısa narazılıqlar yaşanıb. Bunun “Kəpəz”ə və ya Gəncə futboluna aidiyyəti yoxdur”.

Fevralın 17-də Gəncədə baş tutan “Kəpəz” – “Şamaxı” oyununda meydan sahibləri 3:2 hesabı ilə qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti