Bir qazanda bir neçə "qoç"un başının qaynaması – MÜMKÜNMÜ?

18 Fevral 2023 15:00 Şamaxı 656
Bir qazanda bir neçə "qoç"un başının qaynaması – MÜMKÜNMÜ?

Nəvaxtdır deyirik, «Şamaxı»da nələrsə düz getmir, nizam pozulub.

Cidanı çuvalda gizlətmək olar e, amma o da bir müddət.

Yeri gələcək, vaxtı yetişəcək, hər şeyin üstü açılacaq.

«Şamaxı»dakı böhran Gəncədə açıq verdi. Cəlal Hüseynovla Rəşad Əzizli arasında yaşanan qalmaqalı gözdən qaçırmaq olmaz.

İki oyunçu arasında belə bir qalmaqallı epizodun baş verməsi narahatlıq doğurur.

Rəşad dünənki uşaq, yəni, futbolda ilk addımlarını atan gənc olsaydı, bu hadisə bir o qədər diqqət çəkməzdi.

O isə illərdir göz qarşısındadır, atası Faiq Əzizovun və digər qohumlarının vasitəsilə klubları əlcəktək dəyişməkdədir.

Belə birisinin Hüseynovla dilləşməsi əsasını cavanların təşkil etdiyi kollektivə pis nümunədir. Mən bilmirdim Rəşadın sinəsinə döyməsi də varmış…

Bilmirdim, amma gördüm.

Həqiqət budur ki, «Şamaxı» Premyer Liqanın son dörd turunda məğlubiyyətlə üzləşib və qara zolağın harada bitəcəyi bilinmir.

Uğursuzluq yaşayan hər komandada gərginlik olur. Yenilgilər bir-birini əvəzlədikcə, əsəblər tarıma çəkilir, hirs beyinin təpəsinə vurur.

Bu kimi anlarda yalnız səbr göstərənlər vəziyyətdən çıxmağı bacarır. Mən Cavid Hüseynova hövsləsini bir qədər basmasını tövsiyə edərdim.

Rəşada yerini göstərməyinə göstərməlidir. Amma o gün bu gün deyil, tələsməsin.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!