Bölgə klubunu qarabaqara izləyən təhlükə - MÖVSÜMDƏ İKİNCİ DƏFƏ

19 Fevral 2023 23:40 Şamaxı 569
Bölgə klubunu qarabaqara izləyən təhlükə - MÖVSÜMDƏ İKİNCİ DƏFƏ

“Şamaxı” Gəncə səfərindən də xalsız qayıtdı.

Qış fasiləsindən qələbə ilə qayıdan kollektiv ardıcıl 4 turdu xala həsrətdir.

Çempionatın ən vacib dönəmində məğlubiyyətlər bir-birini əvəz edir.

"Qarabağ" xaric, "Sumqayıt", "Kəpəz" və "Turan Tovuz"a məğlubiyyətlər hələ çox baş ağrısı yaradacaq. Hər biri "6 xallıq" matçlar idi.

Açığı, göstərilən oyun heç də pis deyil. Əksinə, indi meydanda daha təcrübəli, inamlı və dinamik “Şamaxı” görürük. Oyuna baxsaq, qiyməti 3 məğlubiyyət olmamalıdı idi.

Nə fayda?

Əsas olan xal və xallar qazanmaqdır ki, həmin xana həftələrdi buna həsrətdir.

Artıq təhlükə qapının ağzındadır. Onları sonuncu pillədən xal yox, top fərqi ayırır. Halbuki cəmi 3 tur əvvəl ilk “altılıq” bir addımlıqdaydı.

Arxada qalan 22 turda ilk dəfə belə hal yaşanır. Bölgə klubu ən pis halda 3 məğlubiyətdən sonra 1 xal da olsa qazana bilirdi.

Amma “şirlər” mövsümün əvvəli eynisi olmasa da, bənzəri olan duruma düşüb. Startdakı ilk 5 matçdan 4-də məğlubiyyət yaşanıb.

Hələ onda “Qara zolağ”ın uzun müddət davam edəcəyi gözlənilsə də daha çox gənclərdən formalaşan heyət özündə güc tapıb uğurlu seriya yaxalamağı bacarmışdı.

Təsəvvür edin ki, mövsümün ilk yarısının son 10 turunda cəmi 2 məğlubiyyət yaşanmışdı. Futbolçular həmin günlərin xiffətini çəkir.

Qarşıda isə Vüqar Əsgərlinin yetirmələrin çox ağır qrafik gözləyir. Ardıcıl olaraq “Sabah”, “Zirə”, “Neftçi”, “Qəbələ” və “Qarabağ”la qarşılaşmalar var.

Bu oyunların hər biri Şamaxı təmsilçisi üçün ölüm-qalım mübarizəsi olacaq. Uğursuz gedişatdan can qurtarmaq heç də asan görünmür.

Tək təsəlli odur ki, bir dəfə oxşar durumdan çıxmaq mümkün olub. Yəni təcrübə var.

Qalır növbəti dəfə onu bacarmaq. Premyer Liqada qalmaq istəyən komandanın başqa çarəsi də yoxdur.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!