“Kadi və Ovusunun gedişi “Qarabağ”ın zəifləməsinə səbəb olacaq”

16 Fevral 2023 19:00 Şamaxı 1 382
“Kadi və Ovusunun gedişi “Qarabağ”ın zəifləməsinə səbəb olacaq”

“Fikrimcə, Kadi Borges və Kvabena Ovusunun gedişi “Qarabağ”ın oyununun haradasa zəifləməsinə səbəb olacaq.

Ancaq bu, hələ o demək deyil ki, “Qarabağ” qara zolağa düşə bilər”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Ağdam klubunun sabiq müdafiəçisi Ramiz Məmmədov deyib.

Hazırda “Şamaxı”da vitse-prezident postunu tutan tanınmış futbol adamı “köhlən atlılar”ın Konfransında şanslarını dəyərləndirib.

"Pro” kateqoriyalı mütəxəssis Kadi Borgesin “Krasnodar”a, Kvabena Ovusunun “Ferentsvaroş”a satılmasına rəğmən, “Qarabağ”ın “Gent” səddini keçəcəyinə inandığını bildirib:

“Hələlik onların yoxluğu 20-30 faiz öz təsirini göstərir. Premyer Liqanın son turlarında bunu gördük.

“Kəpəz” və “Şamaxı” ilə qarşılaşmalarda “Qarabağ”ın oyunundakı sönüklük hiss olundu. Ancaq mən inanıram ki, “Gent”lə oyunlarda bu boşluğu aradan qaldıracaqlar.

Yeni transferlərin komandaya fayda verəcəyini gözləyirəm. Adama Diakabi, Redon Cica və Yassin Benzianın asta-asta komandaya uyğunlaşma prosesi gedir.

Qurban Qurbanov düzgün addım atır, onları birdən-birə əsas heyətə daxil etmir. Əsas yeni gələnlərin komanda üzvləri ilə tədricən anlaşa bilməsidir.

Düzdür, onlar əvvəlki klublarında aparıcı futbolçular olublar, ancaq aydın məsələdir ki, komandanı dəyişəndə adaptasiya üçün vaxt lazımdır.

Qurban müəllim bunu dəyərləndirməyi bacarır. İnanıram ki, yeni gələnlər əvvəlki performansı burada da göstərəcəklər. Hamısının “Qarabağ”a böyük köməyi dəyəcək.

Kadinin yeri bir başqa idi. “Qarabağ”ın 25-30 metr məsafədən qapıya vurduğu zərbələrin 80 faizini Kadidən gözləyirdik.

Braziliyalı vingerin əksər zərbələri hədəfə düşürdü. Qara Qarayev “Şamaxı” ilə oyunda uzaq məsafədən qapıya qol vurdu.

İstərdim ki, Kadidən sonra bu məsuliyyəti Qara öz üzərinə götürsün və avrokuboklarda da şansını yoxlasın. Çünki “Qarabağ”da bunu etməyə çalışan futbolçular azdır.

Ümumiyyətlə, Azərbaycan futbolunun ən çatışmayan cəhətlərindən biri budur. Bizdə cərimə meydançasının qarşısından qapıya zərbələr az vurulur.

Düzdür, “Qarabağ”da xırda paslaşma çoxdur. Ancaq 20-30 metrdən vurulan qollar da dünya futbolunda mühüm yer tutur.

Arzu edirəm ki, Premyer Liqamızda çıxış edən bütün komandalardan bu cür qollar görək. Açığı, Ovusunun da “Qarabağ”da yeri görünür.

Təki O da, Kadi də getdikləri klublarda uğurlu olsunlar. Çünki bu, Azərbaycan futbolu adına prestiş mənasında mühüm hadisə olar.

Belə olsa, Azərbayycan barazına maraq və diqqət artacaq. Onda menecerlər bizim klubların futbolçularına daha çox göz dikəcək, bu da əsas və gənclər yığmalarımızı gücləndirəcək.

Lakin istənilən halda mənə elə gəlir ki, Kadi ilə Ovusunun gedişi “Qarabağ”da böyük dəyişikliyə səbəb olmayacaq. Bu boşluqların doldurulması qısa çəkəcək.

Son ayrılıqlar mənə Dino Ndlovunun gedişini xatırlatdı. Cənubi afrikalı ideal formada olduğu vaxt “Qarabağ”ı Çin klubuna dəyişdi.

Çoxları gözləyirdi ki, “Qarabağ” Dinonun yerini doldura bilməyəcək. ancaq bunun belə olmadığını sonra hamı gördü.

“Qarabağ” növbəti illərdə də avrokuboklarda qrup mərhələsinə düşməklə, system komandası olmasını sübuta yetirdi.

Mən bu gün də “Qarabağ”a çox inanıram. Əminəm ki, “Gent”lə dueldə sevinən tərəf biz olacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti