“Şamaxı”nın Müşahidə Şurasının sədri Zaur Axundov dünən vəzifəsindən istefa verdi.
O, bu qərarını AFFA İcraiyyə Komitəsinin iclasında açıqladı.
İcraiyyə Komitəsinin üzvü işlərinin çoxluğu və vaxt məhdudiyyəti ilə əlaqədar klubda tutduğu vəzifədən istefa verdiyini bildirdi.
Zaur Axundovun atdığı addım sürpriz olmadı, gözlənilirdi.
Bir neçə ay idi bu haqda söz-söhbətlər gedirdi və zaman-zaman belə xəbərlər də yayılırdı ki, o, futbol sektorunda çalışmaqdan yorulub və bütün diqqətini prezidenti olduğu futzal federasiyasına yönəltmək fikrindədir.
Sözsüz, Zaur Axundov işini bilən şəxsdir və gedişatı düzgün hesablamağı bacarır. Hiss etdi ki, burada qalmaq mənasızdır, heç bir perspektiv vəd eləmir, kənara çəkildi.
İstəsəydi, yenə qalardı və kimsə ona nəsə deməyəcəkdi, deyə bilməyəcəkdi. O, AFFA tərəfindən klub təsərrüfatına təyinatı verilmsiş yeganə fiqur idi ki, futbola öz cibinin pulunu xərcləyirdi.
2017-ci ilin yayında «Keşlə»yə (indiki «Şamaxı») gələn Axundov bugünədək şəxsi büdcəsindən bir neçə milyon manat sərf edib və indiyədək AFFA-nın ona külli miqdarda borcu qalıb. Hardasa 700-800 min manat civarında.
Federasiyanın həmin vəsaiti geri qaytarması hələ də sual altındadır və belə görünür ki, o, bunun üçün daha bir müddət gözləməli olacaq.
Müşahidə Şurasının sədri kimi klubun gündəlik daxili həyatında yaxından iştirak edən Axundov əlindən gələni əsirgəməyib. «Şamaxı» əvvəlki adıyla iki dəfə ölkə kubokunu, bir dəfə Premyer Liqanın bürünc medalını qazanıb.
İstənilən rəhbərin işini dəyərləndirmək üçün nəticələrə diqqət yetirmək kifayətdir. Yuxarıda təqdim etdiyimiz göstəricilər Axundovun fəaliyyətinə doğru qiymət verməyə yetərdidir.
Adamın xasiyyəti fərqli, belə deyək, tünd/sərt, hətta kobud ola bilər, lakin bu, onun gördüyü işlərə kölgə salmamalıdır. AFFA digər klublara da özlərinə yaxın saydığı kadrları təhkim edib, qoy onlar da öz ciblərinin pulundan keçərdi də, niyə keçməyiblər?
Demək olar hamısı getdiyi yerdən pul qazanıb, varlanıb. Biri də portmanatını açaraq 1 manatı masanın üzərinə qoymayıb.
«Şamaxı» isə Axundova, açığını demək lazımdırsa, əlavə «yük» idi və o, bu «yük»dən qurtulmaq üçün uyğun məqamı gözlədi, hörmətli getdi.
Dində belə bir deyim var ki, sağ əlin verdiyini sol əl bilməməlidir.
Yəqin «Şamaxı»da çalışmış və hazırda da çalışan bir çox şəxslər etiraf edər ki, Zaur Axundov onlara yardım əlini uzadıb, futbola aidiyyatı olmayan problemlərinin həllinə köməklik göstərib.
Bütün bunlara görə deməliyik ki, onun gedişi «Şamaxı» üçün böyük itkidir.
KAMİL

