Premyer Liqa klubu küçədə qalmamaq üçün…

26 May 2022 16:00 Şamaxı 2 189
Premyer Liqa klubu küçədə qalmamaq üçün…

Bilindiyi kimi, "Şamaxı" mayın 31-də "ASK Arena"nı tərk edəcək.

Klubun idman mərkəzinin sahibi olan Azərbaycan Sənaye Koorporasiyası ilə müqaviləsi bu tarixdə başa çatır.

Apreldən etibarən təmsil etdiyi Şamaxıda ev oyunlarını keçirməyə başlayan sabiq «bankirlər» yeni mövsümdə də tam şəkildə əyalətdə məskunlaşmayacaq.

14 yaşdan yuxarı qruplar, gənclərdən və əvəzedicilərdən ibarət heyətlər, o cümlədən, əsas komanda paytaxtda qalacaq.

"Şamaxı"lılar yeni düşərgə axtarışında istiqaməti dəyişib.

Hazırda "Sərhədçi" İdman Olimpiya Mərkəzinin rəhbərliyi ilə danışıqlar gedir. Məqsəd buranı uzunmüddətli icarəyə götürməkdir.

Heydər Əliyev prospektində yerləşən stadion və baza isə təyinatı üzrə istifadə olunacaq. Böyük idman kompleksin yeni istifadəçisinin kimliyi də məlumdur - “Sabah“.

Azərbaycan Sənaye Korporasiyası ilə “ağ-göylər“ arasında gedən danışıqlar buranın uzunmüddətli icarəyə götürülməsi ilə nəticələnib. “Sabah“ın iyunun 1-dən etibarən “ASK Arena“da məskunlaşmağa başlaması planlaşdırılır.

AFFA “Termist” adlı idman qurğusunun əsasında bu məkanı UEFA-nın ayırdığı vəsait hesabına 2000-ci ildə əsaslı yenidən qurub. Yenidənqurma işləri 4,5 milyon dollara başa gəlib.

2001-ci ildən istifadəyə verilən arena ilk olaraq “Şəfa” adlandırılıb. Arena öncədən milli komandaların təlim-məşq bazası üçün nəzərdə tutulub.

Əsas meydançada milli çempionatın ilk dövrəsində “Olimpik” ev oyunlarını keçirib. 2014-cü ildə stadion “İnter”ə (hazırkı “Keşlə”) 4,25 milyon manata satılıb.

Federasiya bu addımını stadionu öz imkanları hesabına saxlaya bilməməsi ilə əsaslandırıb. Stadionun adı dəyişdirilərək, “İnter”in adına uyğun olaraq "İnter Arena" adı verilib.

2018-ci ilin 20 iyulunda Azərbaycan Sənaye Korporasiyasının balansında olduğu üçün stadiona şirkətin adının baş hərfləri (ASK) verilib və burada “Keşlə” ev oyunlarını keçirib.

Ötən il isə stadionun idarə edilməsi səlahiyyəti “ASK İdman Kompleksi” MMC-dən alınaraq, “ASK Əmlak” MMC-yə verilib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti